Bəzi kütləvi informasiya vasitələri Azərbaycan məmurlarının çox bahalı xidməti maşınlara malik olması barədə məlumat yayır. Bu da insanlarda həmin avtomobillərin qiymətləri barədə müxtəlif fikirlər formalaşdırır.

İqtisadi Təşəbbüslərə Yardım mərkəzinin apardığı araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda vəzifəli şəxslərin xidməti avtomobillərinin qiyməti 80 mindən 200 min avroyadək dəyişir. Beləliklə, 2006-cı ildən 2011-ci ilədək xidməti avtomobillərin alınmasına dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib.

İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı olsa da, həmin qərar daha çox maşınların say həddini müəyyənləşdirir: “Bir də ki, maşınların yürüşünü və istehlak edəcəyi yanacağı müəyyənləşdirir. Büdcə normativi müəyyənləşdirmir ki, hansı həddə maşına minmək olar. İkincisi isə çeşid məsələsidir. Baxın avtomobil parkına, hər çeşiddə maşın var. Beynəlxalq təcrübədə necə ki, geyim uniformaları var, unifikasiya olunmuş maşın parkı olur. Bu həm büdcədə səmərəlilik baxımından, həm də ayrı-ayrı məmurların daha bahalı, dəbdəbəli avtomobildə gəzmək iştahasının qabağını almaq baxımından çox vacibdir”.

Azərbaycandan fərqli olaraq, beynəlxalq təcrübədə məmurların xidməti avtomobillərlə təchizatı müəyyən qanunla tənzimlənir. Məsələn, Gürcüstan prezidentinin sərəncamı ilə heç bir məmur 15 min avro dəyərindən yuxarı xidməti avtomobilə minə bilməz. Estoniyada isə məmurların xidməti avtomobilləri xüsusi şirkətlərdən kirayələnir və bunun müqabilində həmin şirkətə ildə 6 500 - 7 000 avro dəyərində vəsait köçürülür. Bu da 5 illik istismar müddəti bitəndən sonra həmin avtomobilin satılması problemini yaratmır.

Qonşu Türkiyədə isə büdcə zərfi ildə bir dəfə parlamentə təqdim olunarkən orada alınacaq avtomobillərin sayı və qiyməti də öz əksini tapır. Bu da korrupsiyanın qarşısının alınması və şəffaflıq baxımından irəliyə atılmış addımdır. Bir sıra ölkələrdə, məsələn, Yaponiyada təbiəti mühafizə etmək üçün nazirlər xidməti maşınlardan yox, velosipeddən istifadə edir. Yaxud Amerika Birləşmiş Ştatlarında Nyu-York şəhərinin meri Maykl Blumberq işə getmək üçün metrodan, Londonun meri Baris Conson isə velosipeddən istifadə edir.