Qarın bağlayanları gözləyən aqibət

Həkim-terapevt Təranə Cəfərova məsləhət verir


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrində qeyri-keçici xəstəliklərin (diabet, xərçəng, ürək xəstəliyi, insult) yayılmasına dair illik hesabatını açıqlayıb. ÜST-nin yeni hesabatı 193 ölkəni əhatə edib. Sənədin Azərbaycana aid bölməsində bildirilir ki, indi ölkədə dünyasını dəyişən şəxslərin 85 faizi məhz diabet, xərçəng, ürək və ağ ciyər xəstəliyi, insult və digər xəstəliklərdən ölür.

Qeyd olunan xəstəliklərin meydana çıxmasının əsas səbəbləri tütün aludəçiliyi, fiziki cəhətdən qeyri-fəal həyat tərzi, artıq çəkinin əmələ gəlməsi və digər amillərlə bağlıdır. Sənədə görə, Azərbaycanda kişilərin 50,6 faizi, qadınların isə 60 faizi artıq çəki problemindən əziyyət çəkir. Eyni zamanda Azərbaycanda xanımların 31,4 faizi piylənmə problemi ilə üz-üzə qalıb.

Göründüyü kimi ÜST həyəcan təbili çalaraq Azərbaycanda kişilərin yarıdan çoxunun, qadınların isə 60 faizinin artıq çəkidən əziyyət çəkdiyini bildirir. Görəsən, piylənməni əmələ gətirən səbəblər hansılardır, ümumiyyətlə bu bəladan azad olmağın yolları hansıdır? Bu suallarla həkim-terapevt Təranə Cəfərovaya müraciət etdik.

Həkim ANS PRESS-ə açıqlamasında artıq çəki və piylənməyə meyllik yaradan faktorlar kimi hipodinamiya (fiziki hərəkətlərin azalması), genetik amillər, asan mənimsənilən karbohidratların çoxlu miqdarda qəbulu, qidalanma pozğunluqları, qida qəbulunun pozulmasına gətirib çıxaran bəzi psixoloji vəziyyətləri sadaladı. Onun sözlərinə görə, bəzən insanlarda bədənin ancaq qarın nahiyəsinin piylənməsi halına rast gəlinir.

“Bəzən elə olur ki, insanda bədənin digər hissələrinin çəkisi normal, qarın nahiyəsi isə piy qatı ilə örtülür. Bu, piylənmənin ən təhlükəli formasıdır. Statistikaya əsasən bu cür piylənmə ürək xəstəlikləri, arterial təzyiq və səkərli diabetin olma riskini artırır. Belə növ piylənmə belin ölçüsünün budların ölçüsündən qadınlar üçün – 0,9, kişilər üçün isə - 1 dəfə artıq olduqda müşahidə olunur”, - deyə Təranə Cəfərova bildirib.

O, ki qaldı piylənmənin hansı xəstəliklərə səbəb olmasına, həkim-terapevt Təranə Cəfərovanın sözlərinə görə, piylənmə insanlarda ürək-damar, qara ciyər xəstəliklərinə, qan təzyiqinin yüksək olmasına gətirib çıxara bilir.

“Piylənmə insanların yaşına birbaşa təsir göstərir. Artıq çəki və piylənmə insanlarda qan-damar, mədə-bağırsaq, şəkərli-diabet və bir sıra başqa xəstəliklərə səbəb olur. Qan-damar sisteminin xəstəlikləri sonda qəfil infarktlarla, hətta ölümlə nəticələnə bilər. Adını çəkdiyim digər xəstəliklər də insanın ömrünü yarıda kəsə bilər”, - deyə Təranə Cəfərova qeyd edib.

Həkim-terapevt piylənmə və artıq çəkini aradan qaldırmaq üçün ilk növbədə onu əmələ gətirən səbəbi müəyyənləşdirməyin vacibliyini vurğulayır. “Əgər piylənmə alimentardırsa (qida ilə bağlı) onda xəstəyə xüsusi dieta tərtib olunmalıdır. Alemantar piylənməyə məruz qalan insanlar azkalorili, azyağlı qidalarla qidalanaraq az-az və tez-tez yeməlidirlər. Bu cür piylənməyə məruz qalan insanlar əsasən qida rasionlarında meyvə-tərəvəz, ağartı məmulatlarına üstünlük verərək, xəmir xörəklərindən mümkün qədər imtina etməlidirlər”, - deyə həkim vurğulayıb.

Göründüyü kimi mütəxəssisimiz də artıq çəki və piylənmənin insanlar üçün nə dərəcədə təhlükəli olduğunu elmi cəhətdən izah edir. Görəsən özümüz çəkimizin artıq olması və ya piyləməyə məruz qalıb-qalmadığımızı necə müəyyənləşdirək? Axı hər insanın boyu və fiziki göstəriciləri eyni olmur.

Qeyd edək ki, piylənmənin vəziyyətini müəyyən ütmək üçün Bədən Çəki İndeksindən (BÇİ) istifadə olunur. Son illər bəzi mütəxəssislər BÇİ-ni tənqid edirlər. Bu ilk növbədə onunla bağlıdır ki, bu indeksdə piy/əzələ nisbəti, həmçinin piyin orqanizmdə paylanma tipi nəzərə alılnmır. Buna baxmayaraq BÇİ hazırda piylənmənin yeganə tanınmış beynəlxalq meyarıdır.

Bədən Çəki İndeksi (Ketle indeksi) - insanın piylənmə dərəcəsini göstərir. BÇİ-ni müəyyən etmək üçün sadə riyazi hesablama aparılmalıdır. Bunun üçün pasiyent öz çəkisini (kq-la) boyunun (m-lə) kvadratına bölməlidir.

Alınmış nəticəni aşağıdakı cədvələ qoyduqda piylənmə dərəcəsi haqqında məlumat əldə etmək olar.

Bədən çəki indeksi Çəkinin vəziyyəti
16
Çəki defisiti

16,5-18,49
Bədən çəkisinin az olması

18,5-24,99
Normal çəki

25-29,99
Çəki artığı (piylənmədən əvvəlki vəziyyət)

30-34,99
Birinci dərəcəli piylənmə

35-39,99
kinci dərəcəli piylənmə

40
Üçüncü dərəcəli piylənmə (morbid)

Dünya üzrə göstəricilərə gəldikdə isə piylənmənin göstəricisi 1980-ci ildən bu günədək iki dəfə artıb. Ötən ilə olan göstəriciyə görə isə dünya üzrə 43 milyon uşaq artıq çəkidən əziyyət çəkir. Piylənməyə məruz qalan və artıq çəkili insanlar dünyada 5-ci dərəcəli ölüm riskinə aid edilirlər. Hər il dünyada 2,8 milyon insan artıq çəki və piylənmədən dünyasını dəyişir. Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, insanlarımız düzgün qidalalanaraq və sağlam həyat tərzi keçirib artıq çəki və piylənmədən azad ola bilərlər. Bundan sonra isə həmin insanların uzunömürlü olub-olmamasını zaman göstərəcək.

Azad Əliyev, Sağlamlıq