|
Hadisə / 30.08.2008 01:09 30 avqust-Beynəlxalq itkin düşmüşlər günüdür
Dünyada itkin düşmüş insanların dəqiq sayı məlum deyil
Avqustun 30-u Beynəlxalq itkin düşmüşlər günüdür. Bu gün dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunur. Beynəlxalq Qırmızı Xaç Komitəsi müharibələr zamanı itkim düşmüş şəxslərin axtarıb-tapmaq işinə görə şöhrət qazanıb. Lakin hətta bu təşkilat da dünyada itkin düşmüş insanların dəqiq sayını göstərməyə acizdir. Amma bu cür insanların sayı yüz minlərlədir, bəlkə də milyonlarladır. Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4264 nəfər təşkil edir. Onlardan 3439 nəfər hərbçi, 817 nəfər mülki şəxslərdir (8 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Əsir, itkin düşmüş 4264 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Əsir və girovluqdan 1396 nəfər azad edilib. Onlardan 343 nəfər qadın, 1053 nəfər kişidir. Eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər qocadır (112 nəfər yaşlı qadın). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 446 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2008-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 100 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 26-ı nəfərinin sağ olduğu, bəzilərin Azərbaycandan kənarda yaşadığı, 33 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 41 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|