|
Afişa / 21.11.2008 16:50 Azərbaycanda ilk dəfə siyasi triller janrında lentə alınmış "Seçilən" filminin premyerası noyabrın 24-də olacaq
Filmin ssenari müəllifi və prodüsseri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir
Azərbaycanda ilk dəfə siyasi triller janrında lentə alınmış “Seçilən” filmi nəhayət ki, ekranlara çıxmağa hazırlaşır. “Bakıfilm” kinostudiyasında istehsal edilən filmin ssenari müəllifi və baş prodüsseri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir. Filmdə Dağlıq Qarabağ probleminin həqiqətləri, Ermənistanın terror siyasəti seçməsi qabardılır. 93 dəqiqəlik film kəskin süjetlidir, onun ərsəyə gətirilməsi üçün isə külli miqdarda maliyyə vəsaiti xərclənib. Filmin həm ssenari, həm rejissor işi, həm də mövzu baxımından Azərbaycan kinematoqrafiyasında analoqu yoxdur. "Seçilən" Ermənistan rəhbərliyi tərəfindən Azərbaycan Prezidentinə hazırlanmış terror aktının təşkilindən, ölkədə xaos yaratmaq niyyətindən bəhs edir. "Seçilən"i müasir dövrdə lentə alınmış digər milli filmlərimizdən fərqləndirən effektli partlayış, döyüş, ölüm səhnələrinin təbii şəkildə tamaşaçıya təqdim edilməsidir. Seçilən İlham Əliyevi filmdə aktyor Qurban Səlimov, Serj Sarkisyanı Əlibaba Əsgərov, Robert Köçaryanı Nazir Rüstəmov, Zorik Babayanı Kazım Abdullayev ifa edib. Hər dörd aktyor ssenari ilə tanış olarkən üzərlərinə düşən məsuliyyəti hiss edərək filmə çəkilməyə razılıq veriblər. Filmin premyerası noyabrın 24-də Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında olacaq. Burda ilk dəfə Hollivudda keçirilən film təqdimatlarında olduğu kimi, təntənəli açılış, aktyorların binaya daxil olacaqları qırmızı cığır göz oxşayacaq. Paytaxt tamaşaçısı isə "Seçilən"lə noyabrın 25, 26, 27 və 28-i məhz bu teatrda tanış olacaq. Film gündə iki dəfə saat 19.00 və 21.00-da nümayiş etdiriləcək. Qeyd edək ki, biletlərin qiyməti 5 manatdır. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|