"Hazarat, bu dil getdikcə dəbdən düşür"
Bu gün rus dilinin öz ağzına yığışmasının bir təbii səbəbi Rusiyanın bir dövlət olaraq dünyadakı yerini itirməsidir
Heç kim vurmayıb, heç kim də yıxılmayıb. Amma nə qədər qəribə olsa da Azərbaycanda psevdobeynəlmiləlçilərin rus dilinin hüquqları uğrunda genişmiqyaslı müqavimət hərəkatı başlayıb. Əcəba niyə? Görəsən nə olub? Hər şey deyəsən Milli Teleradio Şurasının RTR kanalının yayımını ölkə ərazisində dayandırmaq barədəki qərarından sonra başladı. Əslində ortada təəccüblü bir şey də yox idi. Qapanan Azərbaycanın doğma yayım və media şirkəti deyildi və yəqin ona görə bu qərarı Azərbaycanda söz və mətbuat azadlıqlarının məhdullaşdırılması kimi izah etmək heç kəsin ağlına gəlmədi. Mən bilən beynəlxalq təşkilatların da bu qərarı pisləyən bəyanatı olmadı. Nə Birləşmiş Ştatlar, nə Böyük Britaniya, nə Fransa, nə də kanalın dost-doğma sahibi olan Rusiya Federasiyasının özü rəsmi etiraz nümayiş etdirdi. Axı niyə də edəydi? Hər şey qanun çərçivəsində idi. Əgər Rusiya doğrudan da Azərbaycanda yayımını davam etdirmək qərarında israrlı olsaydı bir tərəf kimi xoş məram nümayiş etdirər, Azərbaycanın rəsmi dövlət kanalını öz ərazisində yayımlamağa imkan yaradar və bununla da məsələ bitərdi. Və əgər Rusiya öz dilinin sahibi kimi bunu etmədisə və ya etməyə lüzum görmədisə Roma Papasından artıq katolik olmağa nə ehtiyac? Amma varmış… Və bu ehtiyacı qabartmağa bəhanə də tapıldı. Milli Teleradio Şurasının ölkə telekanallarında Azərbaycan dilinin hakimiyyətə gətirilməsi ilə bağlı göstərdiyi iradə açıq hədəf oldu. Əlbəttə qərar bir az tələsik verilmişdi, ola bilsin ki, bizə bəlli olmayan 'Çto? Qde? Koqda?' kimi incəliklər nəzərə alınmamışdı. Amma qərar bütövlükdə müstəqli dövlətin, onun ana dilinin xeyrinə idi. Bu ölkədə manat əsas tədavül vasitəsidir. Amma valyutadəyişmə məntəqələrində dollar da, avro da var… Axtarsaq rubl da tapa bilərik. Amma indiki halda RTR-in müstəqil Azərbaycan efirində yayımının bərpa olunması tələbi məntiq etibarilə rublun azad hərəkətini tələb etmək kimi bir şeydir. Hər halda mən ayrı məntiq görmürəm. Bəs biz nə istəyirik? Nə vaxta qədər rus dilində olan filmlərə elə rus dilində baxacayıq, Yoxsa dövlət rus dilini ikinci rəsmi dil elan etməlidir. Nə var, nə var, Sabirin sözü olmasın, 'bir neçə rus başdılar, ora-bura dırmaşdılar?' Yox, mənim əzizlərim. Azərbaycan ona görə şəhidlər verib müstəqli dövlət olmayıb ki, onun dil bütövlüyü hansısa dili çatışmazların xətrinə özgələrlə bölüşsün. Əlbəttə, Rusiyanın Azərbaycanı uzun müddət istila altında saxlaması öz nəticələrini verib, biz dünyaya uzun müddət bu dilə sarmaşıb boy atmışıq. Dünyada belə hallar həmişə olub və yəqin ki, olacaq da. Elə Hindistanı götürək. Bu gün dünyanın ən böyük dövlətlərindən biri olan Hindistan çoxdan müstəqildir. Amma bu müstəqli dövlətin ən nüfuzlu qəzeti ingilis dilində çıxan 'İndiya today'ir. Azərbaycan da rus dilindən hələ uzun müddət imtina edə bilməyəcək. İstəsə də. Doğrudur, Azərbaycan unikal ölkədir və burada bəzən ləyənlə birlikdə uşağı da çölə atırlar. Amma şükür allaha və dövlətə ki, hələlik son faktla bağlı belə bir hadisə baş verməyib. Azərbaycanda rus dilində danışırlar da, oxuyurlar da. Qəzet də buraxırlar, hələ bir televizyada xəbərlərə də baxırlar. Mən psevdobeynəlmiləlçi qardaş və bacılarımızın xətrinə dəysəm də deməliyəm ki, hazarat, bu dil getdikcə dəbdən düşür. Çünki hər bir qabarmanın, bir çəkilmə məqamı da var. Və bu gün rus dilinin öz ağzına yığışmasının bir təbii səbəbi Rusiyanın bir dövlət olaraq dünyadakı yerini itirməsidir. Bir zamanlar bu dildə danışmağa kimsəni vadar etmirdilər. Bu dili ona görə öyrənirdilər ki, nə vaxtsa lazım olar. İndi ingilis dilini öyrənənənlər kimi. İndi müstəqil Azərbaycanda doğulan uşaqların bəlkə də doxsan faizi bu dili bilmir. İngilis dilini öyrənirlər. Qəribədir, özü də sərbəst yayımda bir ingilis dilli kanal olmadan. Deməli məsələ rus dilində deyil, Rusiyanın özündədir. O gəlmişdi. Dili ilə birgə. Gedir və dilini də özü ilə çəkib aparır. Bir də söhbət təkcə rus dilindən də getmir axı. Bu gün ANS də daxil olmaqla ölkə telekanalları AZ.TV. istisna olmaqla, türk dilində seriallar, filmlər göstərir. İlin sonunadək bizə vaxt verilib ki, onları da azərbaycancaya çevirək. Ç E V İ R M Ə L İ Y İ K!!! Səmimi deyin, Türkiyədə Azərbaycan dilində danışanlarımızın səsinin üstündə türkcəyə çevrilmiş mətnləri azmı eşitmişik. Bəs bu niyə Türkiyədə etirazla qarşılanmır? Axı biz bir millət iki dövlətik! Hər bir dövlətin öz maraqları var. PKK-nın Türkiyədə törətdiyi partlayışlar yadınızdadır? Bəs bu hücumlardan sonra Türkiyənin İraqın şimalında apardığı əməliyyatlar necə? İki ayda ABŞ prezidenti ilə dalbadal iki dəfə görüşən Türkiyə rəhbərliyi necə? İndi Qarabağda şəhid olanlarımızı xatırlayaq? Sizin məntiqlə gərək Türkiyə özünün cənub-şərqində olduğu kimi, bizim də qərbimizdə hansısa bir əməliyyata başlayaydı. Bəs niyə başlamadı? Ona görə ki, biz həm bir millət iki dövlətik, həm də bir millət iki fərqli dövlətik… Müstəqil. Azad. Hər birimizin öz bayrağı, öz borcu və bu borc müqabilində həmişə həbs edilmək təhlükəsi olan öz müstəqil təyyarələrmiz var. Odur ki, gəlin bir az sakitləşək. Rus dilini boğaza qoymadan danışmaq əvəzinə, bir az da ana dilimizi çıxaraq. Lap həkimə göstərən kimi, qoy baxsın görək haramızdır xəstə?! Mir Şahin
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 20.01.2008 21:01
© anspress.com
|