"Dünyada bizim haqqımızda əslində heç nəyi bilmirlər"
Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı: "Konqesin işi Azəbaycanın mövcud durumunu dünyaya çatdırmaqdır"

- Dünya Azərbaycanlıları Konqesinin işi nədən ibarətdir? Konqress dünya azərbaycanlıları ilə neyləməlidir?

- Konqresin işi Azəbaycanın mövcud durumunu dünyaya çatdırmaqdır. Çünki dünyada bizim haqqımızda əslində heç nə bilmirlər. Nə bizim parçalanmış millət olmağımızı, nə 90 il öncə bağlanmış Gülüstan müqaviləsini, nə bu gün Ermənistanın bütövlükldə Azərbaycan torpaqlarında yerləşməsini. Hətta qonşu Türkiyədə belə bilmirlər ki, onların soyundan olan 35 milyon insan var İranda. Bir də diasporun özünün qayğıları var. Dünyaya səpələnmiş azərbaycanlılar var, onların Azərbaycanla bağlılığı var, yerli yaşadıqları ölkəyə inteqrasiyası var, siyasi həyata qatılmaları var, Azərbaycanla əlaqələrini hansı şəkildə qurmaqları var və s. Yüzlərlə çox suallar var. Yəni belə qısa deyib keçmək olmur.

- Dünya Azərbaycanlıları Konrqesinin sizin dediyiniz formada fəaliyyətini hansısa bir şəffaf nöqtə ətrafında təmərküzləşdirsək, bu, müxbir məntəqəsi və qeyri-rəsmi səfirlik arasında bir şeydir. Düzmü tutdum?

- Yox. Mən onu o şəkildə, rəsmi və yaxud informasiya işi ilə bağlamaq istəməzdim. Bu, düzdür bir diaspora təşkilatıdır. Amma eyni zamanda son dərəcə böyük mənəvi, milli və siyasi vəzifəsi var. Bunu nə müxbir məntəqəsi, nə də konsulluq daşıya bilər. Konsulluqlar bizim işimizdən qorxurlar. Hansı ölkədə tədbir keçiririk, oraya başqa ölkələrin səfirləri gəlir. Məsələn, sonuncu qurultaya Türkiyənin Kölndəki konsulu gəlmişdi. Ondan əvvəl Parisdəki bir yığıncağımıza Gürcüstan səfiri gəlmişdi. Amma Azərbaycan səfirləri qorxularından həmişə çəkilib kənarda dayanırlar. Harada dövlət rəsmiləri var, ora gəlirlər. Harada milli məsələlər müzakirə olunur, ora gəlmirlər. Halbuki səfirin işi təkcə dövlət rəsmilərini müşayiət etmək deyil, həm də Azərbaycanın dərdləri dilə gələn bütün məclislərdə iştirak etməlidir. Qarışmasın, fikrini deməsin, müdaxilə etməsin. Bir kənarda otursun, amma dinləsin.

- Mənim yadıma düşür, səhv etmirəmsə 90-cı ilin dekabrı idi. Siz mənim də müxbir kimi çalışdığım «Azərbaycan» qəzetində səhər müşavirəsi aparırdınız. Rəhmətlik Elbrus Əhməd (müavin) bizim parçalanmağımızdan danışırdı. Siz də yarı zarafat, yarı gerçək dediniz ki, «Sən narahat olma, biz çox istədiyimizdən parçalanırıq. Dünya Azərbaycanlıları Konqresinin rəhbərisiniz. İndi bu proseslərin içindəsiniz. Biz doğrudan çox istədiyimizdən parçalanırıq, yoxsa istəmədiyimizdən parçalanırıq?

- Bir tarixi vəziyyət var. Tam deyək ki, məsələn, erməni bir-birini görən kimi deyir sən ermənisən? Amma bizdə deyirlər haralısan. Coğrafiyanı düşünmək lazımdır ki, tarixən türklər dünyanın çeşidli bölgələrində savaşda, müharibədə, qürbətdə, vətəndən kənarda olub. Öz vətənindən bir adam görən kimi öz əqrəbasını soruşmaq üçün ondan soruşub haralısan. Bəlkə görsün atası-anası sağdır, əqrəbaları necə yaşayır? Bu mənada solruşub haralısan, bölücülük mənasında soruşmayıb. Yalandan bizim beynimizə bu cür yeridiblər. Amma erməni də ona görə soruşub ki, onlar hamısı türk dilində danışdığından bilmək istəyib ki, türkdür, yoxsa erməni. Deməli bu, onların tarixi vəziyytəini və bizim tarixi vəziyyətimizi bu, çox gözəl göstərir. Bunu bu cür təhlil etmək lazımdır.

- Biz bilirik ki, dünyada erməni diasporası var. Bu, çox güclü bir diasporadır. Hər halda, ermənilər elə bil ki, Ermənistanda bu diaspora vasitəsilə idarə olunurlar. Və son zamanlar onlarda parçalanma hiss olunur. Çox ciddi surətdə hiss olunur. Çünki Sarkisyandan hakimiyyətə gəlişindən narazıdırlar. Levon Ter Petrosyanın tərəfdarlarıdırlar və sair və ilaxır. Robert Köçaryana qoyduqları investisiyanın maya vermədiyini görüblər. Bütün bunlar hamısı aydındır. Siz bunu məndən yaxşı bilirsiniz. Azərbaycanlılarda axı belə fikir ayrılığı yoxdur. Azərbaycanın hansısa bir hədəflərində siyasi parçalanma-filan yoxdur. Bəs bu parçalanmanın səbəbi nədir?

- Bilirsiz, erməni diasporası zahiri güclü olmasının səbəbi bəllidir. Çünki Ermənistanın vətəni olmayıb. Ermənistan dövləti olmayıb. Diaspora onun vətənidir. Harada yaşayıblarsa, xırda-xırda diaspor vətənlərindən ibarətdir. Diaspor təşkilatlardan ibarət ermənilər olub. Amma biz bu torpağın üstündə yaşayırıq və dövlətimiz olub burada. Sülalə dövlətləri olub, indi də milli dövlətmiz var. Bir səbəb budur. Bir də ki, Azərbaycanın bilirsiniz yəni baxmayaraq ki, bu gün eyni məqsəd üçün mubarizə aparırıq, amma Azərbaycan diasporunun dediyi kimi o mənbələr fərqlidir. Biri İran deyilən bir ölkədən gəlir, orada tərbiyə sistemi ayrıdır. Biri buradan gedir, burada tamam ayrı təhsil sistemi olub. Sonra İraqdan, Rusiyadan, Türkiyədən gedən olur. Onların bir müddət bir araya gəlməsi problemlər yaradır. Yəni bir araya gələndə müəyyən çətinliklərlə üzləşirlər. Amma əslində çox qısa müddətdə o problemlər çəkilib gedir və doğrudan da bəlli olur ki, 200 il ayrı qalsaq da, güneylə tam bir millət olduğumuz üçün heç bir ciddi psixoloji və mənəvi ayrılıq yoxdur.

- Dünya Azərbaycanlıları Konqresinin iki qurultayı keçirildi. Azərbaycanlıların hamısı bütün bir palitra olaraq orada cəmləşmişdi?

- Azərbaycanlıların hamısını bir yerə yığmaq mümkün deyil. Amma diasporanın ən güclü olduğu ölkələrin hamısından mandatlı nümayəndələr vardı. Təxminən 148 nəfər qeydiyyata alınmışdı. Amma 150 nəfərə yaxın da qonaq vardı. İlk dəfə olaraq Avropadakı Türk dərnəkləri qatılmışdı. Diplomatik korpusdan gələnlər qatılmışdı. Və ilk dəfə olaraq bizim razılaşma əsasında Avropanın türk mətbuatı iştirak edirdi, alman mətbuatı da türk mətbuatı vasitəsilə məlumat verdi.

- Mən azərbaycanlıların hamısı təmsil olunmuşdu deyəndə, Konqresin keçmiş rəhbərliyini, keçmiş üzvlərini nəzərdə tuturam. Onları dəvət etmişdiniz?

- Konqresin idarə heyətinin 17 üzvü var. Onun biri həbsdədir. 16 nəfərin 12-nin razılığı ilə bu qurultay keçirilirdi. 12-nin hamısı gəlməyə bilər. Amma bizdə o məhdudiyyət yoxdur. Önəmli olan 12 nəfər qurultayın keçirilməsinə razılıq verib. Qurultayın işində idarə heyətinin 9 nəfər üzvü iştirak etdi. Yəni bu, yetərli olur. Əslində biz qurultayı mayın 23-də keçirməli idik. Amma ümumi razılığa əsasən, iki həftə biz geri çəkdik ki, Qulamrza Təbrizigil də və buraya qatılmaq istəyənlərin hamısı onlar da düşünsünlər və onlar da bu qurultaya qatılsınlar. Yəni onlar da qurultayın vaxtını irəli çəksinlər və qurultayımız bütövlük qurultayı olsun. Amma mən hesab edirəm ki, əsl milli qurultay burada idi. Çünki vaxtı ikən DAK-dan inciyib gedənlər, güneyli qardaşlarımız, Avropada, Almaniyada yaşayan, diasporada çox mühüm rolu olan insanlar gəldilər və bura qatıldılar. Təsəvvür edin, İdarə Heyətində 25 il Avropada ana dilli qəzet buraxan Nurəddin Qələvi var. Vaxtı ikən inciyib getmişdi, gəlmirdi. Diasporanın önəmli isimlərinin gəlməsi bizi sevindirir. Başqa idarə heyəti üzvləri də çox işgüzar və ciddi adamlardır. Ona görə də düşünürəm ki, hamını bir araya yığmaq mümkün olmasa da, amma hər halda DAK bu qurultayda son dərəcə güclənmiş çıxdı. Biz ilk dəfə olaraq Avropada, Belçikada dünya parlamenti ilə qarşı-qarşıya çox gözəl bir yerdə DAK-ın ofisini yaradırıq. Ofis artıq hazırdır. Yaxın vaxtlarda Brüsseldəki bu ofisin rəsmi açılışları olacaq.

- Biz Dünya Azərbaycanlılarının qurultayını Bakıda keçirdik. Heydər Əliyev çıxış etdi, sonuncu qurultayda İlham Əliyev çıxış etdi. Dünya Azərbaycanlılarının qurultayı olan yerdə Dünya Azərbaycanlıları Konqresinin qurultayı. O neyləyir? Onun daha keyfiyyətli olması üçün çalışır, yoxsa… tutaq ki, ermənilər yığışırlar. Günlərin bir günü Şarl Aznavuru göndərirlər Dağlıq Qarabağa ki, orada konsert versin, pulunu yığsınlar paylasınlar erməni məktəblərinə. Bundan sonra mənim tanımadığım bir milyonçu azərbaycanlı gəlib Azərbaycanın hansısa ucqar rayonunda investisiya qoyacaq? Yoxsa elə-belə mənəvi yığımdır bu?

- Təbii ki, pul-para ilə, və yaxud Aznavurun atdığı addımlarla ölçmək olmaz. Bizim yollarımız ayrıdır. Mən həmişə ermənini misal gətirməyin əleyhinəyəm. Bizim taleyimiz ayrıdır, onların taleyi ayrıdır. Sizin dediyiniz o Azərbaycan qurultayları bizim ümumiyyətlə tariximizdə çox mühüm hadisələrdir. İlk dəfə olaraq müstəqil Azərbaycan dövləti öz vətəndaşlarını özü hansı ölkədə doğulmalarından asılı olmayaraq yığır bura və Azərbaycan prezidenti də deyir ki, mən 50 milyonun prezidentiyəm və 50 milyon azərbaycanlının lideriyəm. Bu, çox gözəl bir şeydir və dünyada yaşayan azərbaycanlılara çox böyük mənəvi dəstək oldu, ruh verdi. O addımlar atılmalıdır. Amma Azərbaycan hökumətinin dövlət olaraq, qonşudakı İran dövləti ilə öz siyasəti var və bu siyasət daxildə hərəkət edir. Bizim Konqresin ayrı niyyəti var. Bizim Konqresin toxunduğu məsələlər və apardığı siyasət elə işlərdir ki, dövlət onunla məşğul ola bilməz. Dövlətin, təəssüf ki, bizim hətta bəzi məmurlarımızın ehtiyatla yanaşdığı amma Azərbaycan xalqının haqqı olan elə məsələlər var ki, onu biz dilə gətiririk və o yolda da gedir. /«Hesabat Mir Şahinlə»/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 16.06.2008 19:59

© anspress.com