Azərbaycandan Bolqarıstana gündəlik qaz nəqli üç dəfə artıb
İllik həcm, 2023-cü ildən başlayaraq, ən yüksək səviyyəyə – ildə 1 milyard kubmetrə çatacaq
Bolqarıstan iyulun 1-dən etibarən Azərbaycandan gündəlik üç dəfə çox qaz həcmi almağa başlayıb. Bu da faktiki olaraq, 2013-cü ildə Bakıda razılaşdırılmış müqavilə həcminə nail olunduğunu göstərir.
Danışıqlar iştirakçısı olan məlumatlı mənbənin Turan-a verdiyi məlumata görə, "İnterconnector Greece Bulgaria" (İGB) qaz kəməri indiyədək istismara verilməyib və buna görə iyulun 1-dən Bolqarıstana qaz "Nea Messemvriya"dan – Yunanıstanla müvəqqəti birləşmə nöqtəsindən daxil olur.
Bolqarıstan Yunanıstanla sərhəddə Kula-Sidirokastro qovşağı vasitəsilə 2021-ci ilin yanvarından 2022-ci il iyulun 1-nə qədər, orta hesabla, gündə 0,9 milyon kubmetr Azərbaycan qazı alırdı.
Azərbaycan qazının Bolqarıstana gündəlik nəqli 2022-ci il iyulun 1-dən 2,6-2,7 milyon kubmetrə çatıb.
"İyulun 1-dən Bakıda "Bulgargaz" şirkəti tərəfindən imzalanmış müqaviləyə düzəliş uzadılıb. Bu düzəlişə əsasən, Bolqarıstan qazı müqavilə qiyməti ilə deyil, daha baha alır. Müqavilə qiyməti ilə tədarük isə təxminən, 2022-ci ilin sentyabrında başlayacaq və Bolqarıstan "Şahdəniz"dən bu qiymətlə gündə 2,6 milyon kubmetr qaz alacaq. Ümumilikdə, 2022-ci ildə Bolqarıstan Azərbaycandan 600 milyon kubmetrdən çox qaz ala bilər, bu, 2021-ci ilin göstəricisindən, demək olar ki, üç dəfə çoxdur. 2023-cü ildən başlayaraq illik həcm ən yüksək səviyyəyə – ildə 1 milyard kubmetrə çatacaq", – mənbə bildirib.
Onun sözlərinə görə, yayboyu Bolqarıstan və Yunanıstan 182 kilometrlik İGB-nin istismara verilməsinə icazə alınması ilə bağlı Aİ-də müxtəlif prosedurlardan keçməlidir.
"İGB üzrə ticari müqavilə üzrə tədarükə 2022-ci ilin sentyabrında start verilməsi planlaşdırılır", – mənbə bildirib.
İyulun 1-də Bolqarıstanın Eergetika Nazirliyi bildirib ki, İGB qaz kəməri qarşıdan gələn isitmə mövsümünə doğru işə salınacaq, amma onu daha tez istismara vermək üçün bütün səylər göstəriləcək.
İyulun sonlarında Bolqarıstan və Yunanıstanın energetikanı tənzimləyən orqanları İCGB əməliyyat şirkətini yanacaq ötürülməsi üzrə müstəqil operator (İTO) kimi sertifikatlaşdıran birgə qərar qəbul ediblər.
"Bu addım iyulun 1-dən etibarən Yunanıstan–Bolqarıstan interkonnektorunun (İGB) işə salınması üçün yol açır, bu da Bolqarıstanın qaz tədarükünün şaxələndirilməsinə və təhlükəsizliyinə nail olmasına, habelə Bolqarıstanın yekun istehlakçıları üçün sərfəli qiyməti təmin edən qaz həcmi əldə etməsinə kömək edəcək", – EWRC Bolqarıstan tənzimləyicisinin iyulun 1-də yaydığı məlumatda qeyd edilir.
Bolqarıstanda hesab edirlər ki, İGB-nin gücü ildə 3 milyard kubmetrə qədər artırıla bilər, bu da Bolqarıstanın və Cənub-Şərqi Avropa regionu ölkələrinin təkcə "Cənub Qaz Dəhlizi" vasitəsilə (Azərbaycandan) əlavə qaz həcmi əldə etməsinə deyil, həm də Yunanıstanın Aleksandrupolis limanında hazırda tikilən Sıxışdırılmış Maye Qaz (SMQ) Terminalı vasitəsilə ABŞ, Əlcəzayir, Qatar, Misir və digər tədarükçülərdən SMQ idxal etməsinə imkan verəcək.
Uzunmüddətli gələcəkdə İGB İsraildən və Kiprdən təbii qaz idxal etməyə, həmçinin digər ölkələrdən idxal olunan həcmləri artırmağa imkan verəcək.
Dəyəri 220 milyon avro (229,8 milyon dollar) olan 182 kilometrlik qaz kəməri Komotini rayonunda Yunanıstanın qaz-nəqliyyat sistemini Bolqarıstanın Stara–Zaqora bölgəsindəki qaz şəbəkəsi ilə birləşdirir.
Avropa İttifaqının 2030-cu ilə qədər Rusiya qazının alınmasından tamamilə imtina etmək məqsədi çərçivəsində bu qaz kəmərinə mühüm element kimi baxılır.
Qeyd edək ki, 2022-ci ilin aprelində "Qazprom" "mavi yanacaq" üçün rublla ödəniş etmək istəməyən Bolqarıstana qaz tədarükünü dayandırıb. "Bulgargaz" və "Qazprom" arasında rəsmi müqavilənin müddəti 2022-ci ilin dekabrında başa çatır.
RF və Bolqarıstan arasında münasibətlər korlanıb, amma Bolqarıstan hökuməti 2022-ci ildə Azərbaycan qazının və ABŞ-dan SMQ tədarükünün ölkənin tələbatını tamamilə qarşılayacağına ümid edir.