“Dahilərin Divanı”: Fətəli xan Xoyski

Bu veriliş ANS televiziyasında 10.04.2009-ci ildə çəkilib və yayımlanıb.

  • Oxuma müddəti:

    2 dəqiqə

  • Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır.
    Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən, Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu.
    Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçdü, orada 19 iyun 1920-ci ildə qətlə yetirildi, qatillər "Daşnaksütun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər, onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdılar. İndiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirmişdir.