XƏBƏRLƏR / Seçki

İran parlamentinə seçkilərdə seçicilərin 40%-i iştirak edib

Səsvermə prosesi 14 saat sürüb

İran parlamentinə seçkilərdə seçicilərin 40%-i iştirak edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran parlamentinə və Ekspertlər Şurasına cümə günü keçirilən seçkilərdə seçicilərin təxminən 40 faizi səs verib.

    Tasnim agentliyinin məlumatına görə, səsvermə prosesi 14 saat sürüb, Daxili İşlər Nazirliyi səsvermənin müddətini iki dəfə uzadıb. Nəticədə 61 milyon seçicidən yalnız 25 milyonu səsvermə hüququndan istifadə edib.

    Parlament seçkilərində rekord sayda - 15,2 min namizədin iştirakına icazə verilib. Onların 1,7 minə yaxını qadınlar olub.

    Hazırda səslərin hesablanması prosesi davam edir. İran Konstitusiyasına görə, 290 yerlik parlamentdə beş yer dini azlıqların nümayəndələrinə verilir. Yeni parlamentin ilk iclası mayın sonunda keçiriləcək.

    Martın 1-də də İran liderinin məşvərət orqanı olan Ekspertlər Şurasına da seçkilər keçirilib. Şurada 88 yer uğrunda 144 namizəd mübarizə aparıb.

    İranda islahatların tərəfdarı olan bir çox namizədin parlament seçkilərində iştirakına qadağa qoyulub. Ölkənin sabiq prezidenti Həsən Ruhani də daxil olmaqla, bəzi siyasi xadimlərin isə Ekspertlər Şurasına seçkilərdə iştirakına icazə verilməyib.

    Qeyd edək ki, Ekspertlər Şurası səsvermə hüququ olan iranlıların birbaşa gizli səsverməsi ilə səkkiz il müddətinə seçilir. Onlar İranın Ali dini rəhbərini təyin etmək səlahiyyətinə malikdir.