Qazaxstandan Azərbaycana buğda idxalında rekord artım
Rusiya taxıl ixracına qadağa qoyandan sonra Qazaxstandan gələn buğdanın həcmi 27 dəfə artıb

Buğdaya tələbatın ödənilməsi məsələsi son zamanlar Azərbaycanda ən çox müzakirəyə çıxarılan mövzulardan biridir. Yerli istehsal səviyyəsinin yetərsizliyi, qlobal bazarlarda baş verən dalğalanmalar ölkəyə ciddi risklər yaradır. Rəsmi rəqəmlərə görə, Azərbaycan öz buğda ehtiyatının 60 faizini daxili istehsal hesabına ödəyir. Əhalinin qida rasionunda mühüm yer tutan ərzaqlıq buğdanınsa cəmi 25 faizi yerli istehsal hesabına qarşılanır. Bu baxımdan, Azərbaycanda buğda təminatında xaricdən ciddi asılılıq var.
İndiki ortamda buğda idxal olunan əsas ölkələrdə yaranmış durum da Azərbaycanın işini iki qat çətinləşdirən məqamlardan sayıla bilər. Ötən il ölkəyə gətirilən buğdanın 80 faizdən çoxu Rusiyanın payına düşüb. Di gəl, iqtisadiyyatına tətbiq edilən sanksiyalar ucbatından Rusiya hökuməti, taxıl məhsulları da daxil, bir sıra məhsulların ölkədən çıxarılmasına məhdudiyyət qoyub. Bu baxımdan, Azərbaycanın idxal coğrafiyasını şaxələndirmək istəyəndə ilk ağla gələn ölkə Qazaxıstandır. Rəsmi rəqəmlər də 2022-ci il başlayandan bəri Qazaxıstandan buğda idxalında rekord artımlar olduğunu göstərir. Bu ilin ilk iki ayının nəticələrinə görə, Qazaxıstandan Azərbaycana 81 min 723 ton buğda gətirilib. Bu o deməkdir ki, ötən ilin eyni dövrüylə müqayisədə Qazaxıstandan buğda idxalı düz 27 dəfə artıb. Dəyər ifadəsində idxalın həcmi 34 dəfə artıb.
İlin ilk iki ayı boyunca Rusiyadan gətirilən buğda həcmi də ötən illə müqayisədə çoxalıb. Yanvar və fevral aylarında Rusiyadan Azərbaycana 68 min tondan çox buğda idxal edilib. Bu, ötən ilin nəticələri ilə müqayisədə üç dəfədən çox artım deməkdir. Dəyər ifadəsindəki artımsa beş dəfəni üstələyir. Hər iki əsas idxal istiqamətindən idxalın artması bu il ölkəyə toplam buğda idxalını da artırıb. İlin ilk iki ayı ərzində ölkəyə bütövlükdə 150 min tondan çox buğda gətirilib. Ölkənin toplam idxalının 3 faizə yaxını olan bu idxal Azərbaycana 52 milyon dollara başa gəlib. Başqa deyimlə, ölkədən çıxan hər 100 dolların 3-ü buğda idxalına xərclənib.
İdxalda ölkələrin payındakı ciddi dəyişiklik də diqqət çəkir. Ötən il Azərbaycana buğda idxalında Rusiyanın payı 86 faiz idisə, bu il 46 faizə enib. Başqa sözlə, buğda idxalında Rusiyanın payı, az qala, iki dəfə azalıb və əvəzində Qazaxıstanın payı 14 faizdən 54 faizə yüksəlib.