100 il yaşayan Nazim Hacıyev kimdir?
Bütün Ermənistan və SSRİ establişmenti ilə savaşa qatılan Azərbaycan oğlu...
Şəkidə Milli Qəhrəman Çingiz Mustafayev adına Klub xalqımızın görkəmli tarixinin canlanması və gənc nəsli millətin sağlam kökləri barədə mütəmadi olaraq məlumatlandırması yolunda töhfələrini verməkdə davam edir.
Belə ki, Çingiz Mustafayev adını daşıyan klubda Azərbaycanın görkəmli dövlət xadimi Nazim Hacıyevin 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Şəki Ensiklopediyasının təşkilatçılığı ilə keçirilən bu tədbir 100-dən tanınmış ziyalını bir araya yığaraq, sözün əsl mənasında, elmi konfransa çevrildi.
Bəs kimdir 100 il ürəklərdə yaşayan Nazim Hacıyev?
Azərbaycan Kommunist Partiyası MK-nın ideologiya üzrə katibi olan Nazim Hacıyev 1960-cı ilin dekabrında xaricdəki erməni diasporunun, Ermənistan SSR rəhbərliyinin, eləcə də Sov.İKP MK Siyasi Bürosunun üzvü Anastas Mikoyanın Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana verilməsinə yönəlmiş və artıq reallaşmaqda olan qərarına qarşı çıxaraq bütün SSRİ establişmenti ilə bərabər olmayan savaşa qatılan savadlı, beynəlxalq dərəcəli məntiqi təfəkkürə malik olan Azərbaycan oğludur... Və bir ildən çox çəkən bu amansız döyüşdə, 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosu Dağlıq Qarabağ və Naxçıvanın Azərbaycana tarixi və hüquqi mənsubiyyətini əsaslandırmağa müvafiq olan Nazim Haciyevin səyləri nəticəsində adı çəkilən regionlar SSRİ-nin ali rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in tərkibində saxlanmışdır.
Lakin hər bir bərabər olmayan döyüşün nəticəsində olduğu kimi ədaləti bərpa edən qəhrəman həlak olur, daha fəlsəfi desək, şəhid olur. SSRİ hakimiyyətinin ikinci adamı sayılan və hələ Lenin və Stalinin silahdaşı olan Anastas Mikoyan şəkili bir ziyalıdan almış olduğu ağır zərbəni və nəticədə sarsıdıcı məğlubiyyəti həzm edə bilmir və 30 iyul 1962-ci ildə düzgün aparılmamış cərrahi əməliyyat nəticəsində Moskva xəstəxanasında onu qətlə yetirir...
Konfransda yer almış iştirakçıların çıxışları arasında mənim də qısa çıxışım oldu. O vaxtlar Azərbaycan SSR-nın Birinci katibi Vəli Axundovun kənd təsərufatı üzrə müşaviri olan əmim Arif Mustafayevlə çalışan və yaxın dost olan Nazim Hacıyev haqqında ailəmizə məlum olan məlumatlarla bölüşəndən sonra yubilyarın cəmiyyətimizdə gənclər arasında daha da tanınması barədə ehtiyacdan danışdım.
Mənim fikirimcə, gələcəkdə Azərbaycanı, onun müstəqilliyi və ərazi bütövlüyünü qoruyacaq gənc budaqlar güc aldıqları kökləri barədə daha çox məlumatlı olsalar, millətin özünü dərketmə sistemi daha da möhkəmlənər və çətin anlarda büdrəməmək və düzgün qərar vermək kimi texnologiyalara sahib ola bilərlər. Köklərlə budaqların, hətta yarpaqların arasındakı rabitənin yaradılması birbaşa medianın vacib vəzifəsi olaraq qalmaqdadır. Xatırlatmaq istəyirəm ki, ANS TV-nin "Şəxsiyyət Vəsiqəsi", "Dahilərin Divanı", "Pasport" və digər verilişləri qardaşım Seyfulla Mustafayev tərəfindən məhz bu səbəbdən yaradılır və mənim tərəfimdən yayıma hazırlanıb buraxılırdı.
Lakin bunu istəməsək də, biz Tik-"Tok" cərəyanından zədələnmiş çəmiyyətdə yaşayırıq və artıq çox oxumaq deyil, çox baxmaq dövrünə qədəm basmışıq. Çox təəssüf olsun ki, basdığımız bu "qədəm"in iyini biz hələ bir müddətdən sonra hiss edəcəyik. Amma reallığı nəzərə alaraq Əziz Dostlarıma Nazim Haciyev barədə balaca bir məlumatlandırıcı videoxülasə təqdim edirəm! Xülasəni ANS-çi Səbinə Məlikova hazırlayıb.
Videoya baxandan sonra yəqin ki, Nazim Hacıyevin kim olduğunu ən azı mənim 100 mindən çox olan əziz oxucularım biləcək. Maraqlı baxışlar arzu edirıəm!