2022-ci ildə dünyada 86 jurnalist ölüb
Bu barədə UNESCO-nun məlumatında bildirilib
2022-ci ildə dünyada 86 jurnalist və KİV əməkdaşı öldürülüb. Bu barədə UNESCO-nun məlumatında bildirilib.
Qeyd olunub ki, bu rəqəmlər jurnalistlərin öz vəzifələrini yerinə yetirərkən məruz qaldıqları ciddi riskləri göstərir.
Təşkilatın Baş direktoru Odri Azule vurğulayıb ki, ardıcıl olaraq bir neçə il ərzində azalmadan sonra 2022-ci ildə öldürülən jurnalistlərin sayının kəskin artımı narahatlıq doğurur. Onun sözlərinə görə, bu cinayətlərə son qoymaq və günahkarların məhkum olunmasını təmin etmək üçün hökumət orqanları səylərini ikiqat artırmalıdır.
2022-ci ildə Latın Amerikası və Karib hövzəsi jurnalistlər üçün ən təhlükəli region olub. Burada 44 qətl olub, bu da dünyada baş verən qətllərin yarısından çoxunu təşkil edir. Asiya-Sakit Okean regionunda 16, Şərqi Avropada isə 11 jurnalist öldürülüb.
UNESCO-nun məlumatına görə, jurnalistlər əsasən xidməti vəzifələrini yetirmədikləri zaman öldürülüb: onlar yolda, evdə, dayanacaqda və ya digər ictimai yerlərdə olublar.
Münaqişə vəziyyətində olan ölkələrdə öldürülən jurnalistlərin sayı 2022-ci ildə bir il əvvəlki illə müqayisədə 20-dən 23-ə yüksəlib. Buna görə də qətllərin kəskin artımı əsasən münaqişə ilə əhatə olunmayan ölkələrdə baş verib. Bu jurnalistlər müxtəlif səbəblərdən, o cümlədən mütəşəkkil cinayətkarlıq, silahlı münaqişə, artan ekstremizm və ya korrupsiya, ekoloji cinayət, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya nümayişlər kimi həssas mövzuları işıqlandırdıqlarına görə qisas almaq məqsədilə öldürülüblər.
Son beş ildə irəliləyiş əldə olunsa da, jurnalistlərin öldürülməsinə görə cəzasızlıq səviyyəsi xüsusilə yüksək olaraq qalır (86 faiz), bu da media işçilərinin işinə mane olur, fikir və söz azadlığını təhlükə altına alır.