ABŞ-ın azad edilmiş əraziləri minadan təmizlənməsinə yardımı
Bunu Dövlət Katibinin hərbi-siyasi işlər üzrə köməkçisinin müavini Karen Çandler elan edib
Münaqişə zonasında mina partlaması nəticəsində ölən və yaralananların sayı Dağlıq Qarabağda müharibənin yüzlərlə sadə insana necə təsir etdiyinə dair nümunələrdən yalnız biridir. Dövlət Departamentinin "Təhlükəsiz Yer istiqamətində hərəkət" adlı son hesabatına görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdən bəri 280-dən çox adam həlak olub və yaralanıb.
2021-ci ilin noyabrından ABŞ 2020-ci ildə Azərbaycanla Ermənistan arasında intensiv hərbi əməliyyatlar nəticəsində ziyan dəymiş ərazilərin minalardan təmizlənməsi üçün 2,5 milyon dollara yaxın vəsait ayırıb. Bunu dövlət katibinin hərbi-siyasi işlər üzrə köməkçisinin müavini Karen Çandler Turan-ın Vaşinqtondakı müxbirilə söhbətində deyib.
O xatırladıb ki, ABŞ Konqresi 2022-ci ildə Dağlıq Qarabağ regionu üçün maliyyə vəsaiti ayırıb.
"Konqresə ayrılan vəsait barədə məlumat verilir. Biz artıq bütün regiona 2,5 milyon dollar təqdim etmişik ki, orada çalışan icraçı tərəfdaşlarımız tərəfindən ədalətli paylansın. Yaxın aylarda daha 2 milyon dollarımız olacaq, onlar 2022-ci maliyyə ili büdcəsinin bir hissəsidir".
Bu yaxınlarda ABŞ-ın Avropa Komandanlığı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin tələblərini müəyyən etmək üçün ərazinin bütövlükdə yoxlanmasını başa çatdırıb.
"Bundan sonra üç əlavə layihə yaradılıb: fiziki təhlükəsizlik və döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə təlimatçıların hazırlanması üçün iki kurs. Üçüncü layihə azərbaycanlı sapyorlara əl ilə mina əleyhinə aşkarlama sisteminin öyrədilməsinə və təchiz edilməsinə yönəlib", - o bildirib.