ABŞ-da soydaşlarımıza qarşı təxribat edən erməni tutuldu
Dinc aksiya BMT-nin qarşısındakı "Ralph Bunche" parkında baş tutub
Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclası keçirilib. İclas Ermənistanın tələbi ilə baş tutub. ABŞ-dakı Azərbaycan diasporunun fəalları BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahı önündə aksiya keçiriblər.
Dinc aksiya BMT-nin qarşısındakı "Ralph Bunche" parkında baş tutub.
Soydaşlarımız Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla "humanitar böhran" yaratdığına dair iddialarına etiraz edib. Aksiya iştirakçıları şüarlar səsləndirib, BMT-ni ədalətli qərar qəbul etməyə çağırıb.
Aksiya zamanı ermənilər həmvətənlərimizə qarşı təxribat törədib. Təxribatçılar plakatlar və qondarma qurumun "bayraqları" ilə azərbaycanlılara hücum edib, tərəflər arasında qarşıdurma yaşanıb.
Nyu-York polisi aksiyanın keçirildiyi əraziyə gəlib. Polis həmvətənlərimizə hücüm edən Cobanyan Sulyanı hadisə yerində həbs edib. Özünü BMT-nin əməkdaşı kimi təqdim edən digər erməni isə polis bölməsinə aparılıb.
Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar olub. "Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir", - bəyanatda deyilir.