ABŞ Ermənistanı Rusiyaya qanunsuz çip idxalında suçlayır
Bu barədə ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayen deyib
Dövlət Departamenti Ermənistanı Rusiyaya çip idxalının müharibədən əvvəlki səviyyəyə qayıtmasına kömək etməkdə ittiham edib.
ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayen izah edib ki, Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edən ölkələr siyahısına daxil edilib. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, bu siyahıya Türkiyə, Qazaxıstan, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri də daxildir.
O'Brayen çiplərə, prosessorlara və inteqral sxemlərə istinad edərək, "Bu ilin əvvəlinə qədər Rusiya, təxminən müharibədən əvvəlki səviyyədə elektronikanın əsas kateqoriyalarını idxal edə bildi" deyib.
Onun sözlərinə görə, problem ondan ibarətdir ki, Avropa şirkətləri materialları başqa ölkələrə satır, onlar da öz növbəsində onları Rusiyaya satırlar. Rusiya isə bu materiallardan Ukraynanı yerlə yeksan edən raketlər istehsalında istifadə edir.