ABŞ tərəflərin ərazi bütövlüyünü dəstəkləyir
Bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib
ABŞ Qarabağdakı hadisələr fonunda tərəflərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir.
“Anadolu” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken ölkəsinin Azərbaycanın Qarabağdakı ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıyıb-tanınmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Dövlət katibinin sözlərinə görə, söhbət suverenlik, ərazi bütövlüyü, müstəqillikdən gedirsə, bu məsələlərdə maraqlı olan hər bir tərəfi ABŞ dəstəkləyir.
Blinken vurğulayıb ki, ABŞ son 24 saat ərzində baş tutmuş müzakirələrdə iştirak edən rəsmi Bakı və Qarabağdakı etnik ermənilərin nümayəndələri də daxil olmaqla, bu məsələlərdə maraqlı olan bütün tərəflərlə sıx əlaqə saxlayır.
Onun sözlərinə görə, ABŞ-ın istəyi dialoqlara, danışıqlara və məsələlərin diplomatik yolla həllinə qayıtmaqdır.
ABŞ Dövlət katibi həmçinin bu həftə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlamaq fürsətinin olduğunu qeyd edib.
“Regionda sülhə nail olmaq həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verən bir məsələdir. Azərbaycan Prezidenti və Ermənistan baş naziri hər ikisi bu məsələnin həlli üçün səy göstərib və sülhün təmin olunması Avropa İttifaqı ilə birlikdə ABŞ tərəfindən dəstəklənir”, - ABŞ Dövlət katibi əlavə edib.
Blinken onu da əlavə edib ki, ABŞ-ın da dəstəklədiyi davamlı sülh hər iki ölkəyə, regiona böyük fayda verəcək.