ABŞ 30-a yaxın səfirlik və konsulluğunu bağlamaq istəyir
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb

ABŞ Dövlət Departamenti ölkənin 30-a yaxın diplomatik missiyanın bağlanması imkanını nəzərdən keçirir.
Bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
ABŞ mətbuatı xaricdəki nümayəndəliklərin və orada işləyən heyətin planlaşdırılan ixtisarı barədə hələ martda məlumat vermişdi, lakin o zaman söhbət təxminən 10 konsulluğun bağlanmasından gedirdi.
Qəzetin məlumatına görə, bağlanması planlaşdırılan diplomatik missiyaların bir çoxu Avropa və Afrikada yerləşir. Söhbət Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya, Maldiv Respublikası və Qrenadadan gedir. ABŞ-ın bu ölkələrdəki səfirliklər bağlana bilər. Sənəddə həmçinin Somalidəki səfirliyin və Bağdaddakı Diplomatik Dəstək Mərkəzinin tamamilə bağlanması və ya işçilərinin əhəmiyyətli dərəcədə ixtisar edilməsi təklif olunur.
Avropada ixtisar edilməsi tövsiyə olunan konsulluqlardan beşi Fransada (Bordo, Lion, Marsel, Renn, Strasburq), ikisi Almaniyada (Düsseldorf, Leypsiq), ikisi Bosniya və Herseqovinada (Mostar və Banya-Luka) yerləşir. Yunanıstan, İtaliya, Portuqaliya, Böyük Britaniya, Kamerun, İndoneziya, Cənubi Afrika Respublikası, Koreya Respublikasının hər birində isə bir konsulluq bağlana bilər.