ABŞ: Azərbaycanda gələn il neft hasilatı artacaq
Bu barədə ABŞ Energetika Nazirliyi yanında Enerji İnformasiya Administrasiyası proqnozunu açıqlayıb
ABŞ Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu artırıb.
ABŞ Energetika Nazirliyi yanında Enerji İnformasiya Administrasiyası (EIA) 2024-2025-ci illər üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin orta sutkalıq hasilatı ilə bağlı proqnozunu açıqlayıb.
Aylıq hesabatda (EIA) qeyd edildiyi kimi, bu il Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 610 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoza uyğundur.
Eyni zamanda, proqnoza (EIA) əsasən, gələn il ölkədə orta gündəlik neft hasilatı 660 min barel səviyyəsində olacaq (əvvəlki proqnoz - 650 min barel).
Qeyd olunur ki, ötən il Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 620 min barel təşkil edib.
2022-ci ildə ölkədə maye karbohidrogenlərin gündəlik hasilatı 670 min barel, 2021-ci ildə isə 720 min barel səviyyəsində olub.
Xatırladaq ki, 2019 və 2020-ci illərdə bu rəqəm müvafiq olaraq 780 min və 700 min barel səviyyəsində olub.
Bu ilin ikinci rübündə Azərbaycanda orta gündəlik neft hasilatı sutkada 470 min barel səviyyəsində olub.
Hesabata görə, ötən ilin birinci rübündə bu rəqəm sutkada 520 min barel, ikinci rübdə gündəlik 500 min barel, üçüncü və dördüncü rüblərdə isə 490 min barel olub.