XƏBƏRLƏR / Hərbi

“ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

Üç gün davam edən sərgilərdə 40 ölkədən 218-dək şirkət iştirak edib

“ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə keçirilən və regionun müdafiə sənayesi ilə bağlı ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə yekun vurulub.

    Üç gün davam edən sərgilərdə 40 ölkədən 218-dək şirkət iştirak edib. İştirakçı ölkələr Azərbaycanla yanaşı, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci illə müqayisədə sərgilərin yeni iştirakçıları olublar.

    On dörd ölkə isə milli pavilyonla təmsil olunub. Belə ki, Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak ediblər. 2022-ci il ilə müqayisədə iştirakçıların sayında 32 faiz artım qeydə alınıb.

    Pavilyonun tərkibində 4 stend fəaliyyət göstərib. “Bakı Ekspo Mərkəzi”nin qapalı ərazisində Müdafiə Sənayesi Nazirliyinin 85 kvadratmetr sahəni əhatə edən bir stendi, Nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin isə qapalı məkanda 256 kvadratmetr və 360 kvadratmetr sahələri əhatə edən iki, açıq ərazidə 500 kvadratmetr sahəni əhatə edən bir stendi quraşdırılıb.

    Ənənəvi olaraq, “ADEX” müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edib. Sərgiyə dünyanın 27 ölkəsindən 53 yüksək səviyyəli rəsmi nümayəndə heyəti qatılıb. Azərbaycan da daxil olmaqla, Belarus, Bəhreyn, Burkina-Faso, Əlcəzair, Gürcüstan, İordaniya, İsrail, İtaliya, Küveyt, Malayziya, Mərakeş, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Somali, Türkiyə, Türkmənistan, Ukrayna, Xorvatiya və Vyetnamı təmsil edən bu heyətlərin tərkibində 300-dən çox rəsmi nümayəndə sərgini ziyarət edib.

    “ADEX” sərgisinin sponsorları Türkiyənin “Baykar”, İsrailin “Israel Aerospace Industries” və Qətərin “Barzan Holdings” şirkətləridir.

    “ADEX” sərgisi ilə paralel olaraq təşkil edilən “Securex Caspian” sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modelləri nümayiş etdirilib.

    “Securex Caspian” sərgisinə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilib. 2024-cü ildə ilk dəfə olaraq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti “Securex Caspian” sərgisində stendlə iştirak edib.

    Xatırladaq ki, ilk “ADEX” sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib.

    Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.