XƏBƏRLƏR / Yaddaş

Ağdaban qırğınından 34 il keçir

Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb

Ağdaban qırğınından 34 il keçir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür.

    1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib.

    130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.

    Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.

    Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

    Bu gün Ağdaban sakinləri doğma torpaqlarındadır.

    ***

    08:14

    Azərbaycan Xarici İşlər Nazirliyi:

    Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi çoxsaylı ağır və qeyri-insani müharibə cinayətlərindən biri olan Ağdaban qırğınından otuz dörd il ötür.

    1992-ci ildə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb və kənd yer üzündən silinib.

    779 mülki şəxs vəhşicəsinə işgəncələrə məruz qalıb, 67 nəfər isə son dərəcə qəddarlıqla öldürülüb.

    Bu faciə tarixə Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri kimi daxil olacaq.

    Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!