XƏBƏRLƏR / Qayıdış

Ağdam, Füzuli və Xocavəndə 15 mindən çox sakin qayıdıb

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov deyib

Ağdam, Füzuli və Xocavəndə 15 mindən çox sakin qayıdıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hazırda Ağdam rayonunda 2076 ailə olmaqla 8059 nəfər, Füzuli rayonunda 827 ailə olmaqla 3175 nəfər, Xocavənd rayonunda isə 1138 ailə olmaqla 4699 nəfər sakin məskunlaşıb. Beləliklə, qeyd olunan üç rayon üzrə, ümumilikdə, 4041 ailə, 15 min 933 nəfər sakin doğma torpaqlarına qayıdaraq burada yaşayır.

    Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Ağdam şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.

    Eldar Seyidov bildirib ki, ərazilərin təhlükəsizliyinin təmin olunması istiqamətində mina təmizləmə işləri davam etdirilir. Son beş il ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında, ümumilikdə 115 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb. Hazırda Ağdam ərazisinin təxminən 60 faizi, Füzulinin 78 faizi, Xocavəndin isə 16 faizi minalardan təmizlənib. Bu işlər ərazilərin təhlükəsizliyinin təmin olunması və bərpa-quruculuq prosesinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.