Ağdam-Əsgəran-Şuşa yolu da işləyəcək
Lakin bu, təhlükəsizlik tam təmin olunandan sonra mümkündür
Ənənəvi Şuşa yolu (R-28) Yevlax-Xocalı-Laçın yolu ilə gedilirdi. Amma 2020-ci il müharibəsindən sonra mövcud reallıqlar fonunda yeni yollar tikilməyə başladı. Onlardan biri hal-hazırda fəaliyyət göstərən Zəfər yoludur. Zəfər yoluna paralel Əhmədbəyli-Füzuli-Şuşa magistral yolu da inşa olunur. Həmçinin, Ağdam və Füzulini əlaqələndirəndən sonra Ağdam istiqamətindən də yenə Şuşa istiqamətinə gediş imkanı olacaq. Nəzərə almaq lazımdır ki, əvvəllər Şuşaya yol iki zolaqlı idisə, bu yeni tikilən yollar, Zəfər yolu istisna olmaqla, 4-6 zolaqlı avtomagistral olacaq. Bu da gələcəkdə daha qısa zaman ərzində Şuşaya fərqli istiqamətlərdə getməyə səbəb olacaq.
Təsəvvür edin ki, əvvəllər Bakı avtovağzalından Şuşaya, Yevlax-Ağdam yolu ilə, 393 kilometr idi.
İndi cənub yolu ilə, İran sərhədi boyunca yol 386 km-dir.
Hələ üçüncü marşrut da var. Kürdəmirin Mollakəndindən Zərdaba doğru dönürük, sonra Zərdab-Ucar-Ağcabədi-Hindarx-Ağdam-Şuşa yolu gedirik. Bu yol 370 km-dir. Amma bu yolda işlər axıradək qurtarmayıb, hələ ki, işlər Hindarx-Ağdam arasında gedir. Hələlik, Şuşaya bir yol var – o da Zəfər yoludur. Söhbət Əhmədbəyli-Füzuli-Şuşa yolundan gedir. 2023-cü ilin sonunda və ya gələn il tunel və estakadalarla Zəfər yoluna paralel daha qısa maqistral yol təhvil veriləcək.
Hal-hazırda ənənəvi yollarda - Ağdamdan Şuşaya gedən yolda – Əsgəranda, Xankəndində, Xocalıda, Xocavənddə rus sülhməramlıları yerləşir. Üçtərəfli bəyanata görə, gərək onların müşayiəti ilə gedək. Bu, xoş hal deyil və prosedur özü də zaman itkisidir. Amma bizim yeni tikilən yollar 100 faiz nəzarətimizdədir, onlarla rahat, sərbəst hərəkət edirik. Təhlükəsizlik tam təmin olunandan sonra ənənəvi yolla da getmək olacaq.