XƏBƏRLƏR / Hadisə

Ağdərə ərazisində mülki şəxs minaya düşüb YENİLƏNİB

Hadisə rayonun Qırmızı kənd ərazisində baş verib

Ağdərə ərazisində mülki şəxs minaya düşüb YENİLƏNİB
Arxiv
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:21

    Tərtər rayonunun Qızıloba kəndi ərazisində 2025-ci il 30 may tarixində mina hadisəsi baş verib.

    Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

    Məlumatda bildirilir ki, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış-dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

    ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

    ***

    20:55

    Bu gün saat 19:35-də minaya düşmə səbəbilə xəsarət alan bir nəfər Tərtər Rayonu Qaradağlı kənd sakini (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Bu haqda Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, 1978-ci il təvəllüdlü şəxsə sağ ayağın pəncə nahiyəsinin parçalanmış, didilmiş yarası diaqnozu təyin edilib.

    Həmin şəxs daha sonra Bərdə Rayon mərkəzi Xəstəxanasına göndərilib.

    ***

    20:12

    Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.

    Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb.

    Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.

    T.Hüseynov sol ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.

    Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub

    ***

    19:27

    Ağdərə ərazisində mülki şəxs minaya düşüb.

    Hadisə rayonun Qırmızı kənd ərazisində baş verib.

    Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.

    Hadisə yerinə aidiyyəti üzrə hüquq mühafizə orqanları və ANAMA əməkdaşları cəlb olunub.