Qayıdış

Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatıb

Bu mərhələdə Həsənrizə146 nəfər, Sarıcalıya isə 4 nəfər köçürülüb YENİLƏNİB

Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 16:09

    İyunun 24-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

    Bu mərhələdə köçürülən 146 nəfərdən ibarət 40 ailəyə bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

    Təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kəndə köç edən sakinləri təbrik edib, onlara doğma yurdlarında xoşbəxt həyat arzulayıb. Bildirib ki, Həsənriz kəndinə bu gün həyata keçiriliən köç də nəzərə alınmaqla 130 ailə, yəni 452 nəfər köçürülüb.

    S.Qəhrəmanov onu da qeyd edib ki, hazırda Ağdərə və Xocalı rayonlarının bir neçə yaşayış məntəqəsində yenidənqurma və bərpa işləri həyata keçirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də köç olacaq.

    Ağdərənin Həsənriz kəndi 24 saat fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Kənddə 246 şagirdlik tam orta məktəb, tibb məntəqəsi, körpələr evi,uşaq bağçası var. Həsənriz kəndində əhali əsasən arıçılıq və heyvandarlıqla məşğul olur. Kəndə ilk köç bu il martın 3-də olub.

    ***

    14:04


    Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb.

    Həsənriz və Sarıcalı kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) qayıdıb.

    ***

    12:06

    Ağdərə və Ağdam rayonlarına növbəti köç karvanı yola salınıb.

    Yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı göndərilib.

    Bu ərazilərə köç edənlər ölkənin müxtəlif regionlarında, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) köçürülür.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 452 nəfər (130 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 830 nəfər (178 ailə)
    Cəbrayıl — 2303 nəfər (512 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 799 nəfər (187 ailə)  

    Cəmi: 15 030 nəfər

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 minə yaxın insan yaşayır.