XƏBƏRLƏR / Qayıdış

İlk köç karvanı Kolatağ kəndinə çatıb YENİLƏNİB

İlkin mərhələdə kəndə 89 nəfər köçürülüb

İlk köç karvanı Kolatağ kəndinə çatıb YENİLƏNİB
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Bu gün köç karvanı ilə Ağdərə rayonunun Kolatağ kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

    26 ailə olmaqla, 89 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Kolatağ kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

    Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

    Mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli sakinləri təbrik edib, onlara doğma yurdlarında firavan həyat arzulayıb. T.Kərimli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dövlətin prioritet istiqamətlərindən biridir və bu, bütün keçmiş məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasına xidmət edir. “Bu gün biz tarix yazırıq. Burada atılan hər addım, yandırılan hər ocaq gələcəyin möhkəm təməlidir,”, - deyən T.Kərimli kəndlərdə içməli su, elektrik və qaz təchizatının, rabitə xəttinin tam bərpa olunduğunu da bildirib. Bundan başqa küçələr abadlaşdırılıb, yol infrastrukturu yenilənib.

    Doğma yurda qayıdan kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 50 mindən çox insan yaşayır.

    ***

    14:22


    İlk köç karvanı Ağdərə rayonunun Kolatağ kəndinə çatıb.

    Ailələrin qarşılnma mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər.

    ***

    12:19

    Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.

    İlkin mərhələdə Kolatağ kəndinə 26 ailə (89 nəfər) köçürülür.

    Kolatağa köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

    Kəndə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) köçürülür.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 566 nəfər (159 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 892 nəfər (195 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 184 nəfər (52 ailə)
    Təzəbinə (Xocalı) - 125 nəfər (28 ailə)
    Xıdırlı (Ağdam) - 696 nəfər (178 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)

    Cəmi: 17 192 nəfər