Aİ Belarusa qarşı sanksiya siyahısını genişləndirib
Bu barədə məlumat qurumun saytında yerləşdirilib
Avropa İttifaqı (Aİ) Belarusda qeydiyyatdan keçən iki hüquqi, eləcə də 26 fiziki şəxsə sanksiya tətbiq edərək, məhdudiyyət siyahısını genişləndirib.
Bu barədə məlumat qurumun saytında yerləşdirilib.
Qərarda məhdudiyyətlərin ölkədəki siyasi vəziyyətlə bağlı olduğu açıqlanıb.
Qadağalarla üzləşənlər arasında hökumət əleyhdarları barəsində siyasi motivli qərarlar çıxaran məhkəmə hakimləri, siyasi məhbusların saxlanıldığı cəzaçəkmə müəssisələrinin rəhbərləri, hazırkı hakimiyyətin dəstəyi nəticəsində külli-miqdarda mənfəət əldə edən iş adamları və müxtəlif şirkətlərin rəhbərliyində təmsil olunan şəxslər də var.
Yenilənmiş siyahıda adları yer alan şirkət və fiziki şəxslərin aktivləri dondurulacaq, ittifaq daxilində fəaliyyət göstərən şirkətlərə isə onlara vəsait köçürülməsi qadağan ediləcək.
İndiyədək Belarusda fəaliyyət göstərən 287 fiziki və 39 hüquqi şəxs Avropa İttifaqının məhdudiyyətləri ilə üzləşib.
2020-ci ilin avqustundan qurum Belarusa qarşı silsilə sanksiyalar tətbiq edir. Bu qərarlar ölkədə insan hüquqlarının pozulması, eləcə də ölkənin Rusiya-Ukrayna müharibəəsində iştirakı ilə əlaqələndirilir.
Eyni zamanda bu ilin əvvəlində açıqladığı hesabatda Aİ Şurası adıçəkilən ölkədə insan hüquqlarının vəziyyəti, eləcə də siyasi məhbus problemindən narahatlığını bildirib.
Bu qurum Belarus hakimiyyətini bütün siyasi məhbusları həbsdən azad etməyə və ölüm cəzasının ləğvinə çağırıb.
Avqustun 5-də Aİ Şurası Belarusun 28 dövlət məmuruna məhdudiyyətlərlə bağlı qərar verib. Bu şəxslər ölkədaxili repressiyaalr və insan haqlarının pozulmasında günahlandırılıb.