XƏBƏRLƏR / Parlament

Ankarada Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü

Tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə danışıqlar olub YENİLƏNİR

Ankarada Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:12

    “Türk dünyasının inkişafı qlobal sülhə təhdid deyil”.

    Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.

    TBMM sədri bildirib ki, Türk dünyasının inkişafı üçün Azərbaycanın mühüm töhfələri var: “Cənubi Qafqazda davamlı sülhə nail olunması üçün addımlar atılmalıdır. Regionun sülhə ehtiyacı var”.

    Numan Kurtulmuş qeyd edib ki, iki ölkə arasında münasibətlər Azərbaycanın 44 günlük müharibədəki Zəfərindən, Şuşa Bəyannaməsinin imzalanmasından sonra bütün sahələrdə daha dərindən inkişaf edir.

    "Azərbaycanın 30 ildən çox davam edən işğalı sonlandırması ilə Cənubi Qafqazda yeni səhifə açılıb".

    TBMM sədri bildirib ki, Türkiyə Cənubi Qafqazda ədalətli sülhün təmin edilməsini istəyir.

    O qeyd edib ki, Türkiyə Qafqazda ədalətli sülhün təsis edilməsini, bölgədən kənar ölkələrin müdaxiləsi olmadan normallaşma prosesinin təmin edilməsini arzu edir.

    N.Kurtulmuş Qarabağda bərpa proseslərinin davam etdiyini qeyd edərək, Zəngəzur dəhlizinin önəmini vurğulayıb: “Buranın da əməkdaşlıq və təhlükəsizlik dəhlizi olaraq sadəcə bölgə ölkələrinin deyil, bölgədən kənarda qonşu ölkələrin, hətta dünya ticarətinin önəmli keçid nöqtəsi olan Zəngəzur dəhlizinin açılmasını arzu edirik. Bu xüsusda Azərbaycana dəstək verməyi davam etdiririk. Zəngəzur dəhlizinin açılması sadəcə Azərbaycanla Türkiyənin deyil, bütün bölgə ölkələrinin maraqlarının təminatı üçün şərtdir. Zəngəzur dəhlizinin sülh dəhlizi olaraq açılmasını arzu edirik”.

    Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, bu gün Türkiyə cənab Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi ilə bütün sahələrdə hərtərəfli inkişaf edir, böyük nailiyyətlər əldə edir.

    Spiker Türkiyənin qlobal miqyasda nüfuzuna diqqət çəkib.

    “Türkiyə qlobal miqyasda gedən proseslərə təsir göstərən, sülhə və sabitliyə töhfə verən güclü dövlətdir”.

    ***

    14:07

    Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ankaraya rəsmi səfəri çərçivəsində dekabrın 18-də Türkiyə Böyük Milli Məclisində olub və burada türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüşüb.

    Tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə danışıqlar olub.

    Müzakirələrdən sonra parlament sədrləri mətbuata açıqlamalar veriblər.

    Səfər çərçivəsində bundan əvvəl Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.