Türkiyə, Azərbaycan və Özbəkistanın birgə Ankara Bəyannaməsi
İkinci üçtərəfli görüşdə xarici işlər nazirləri ilə bərabər, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edir YENİLƏNİR
![Türkiyə, Azərbaycan və Özbəkistanın birgə Ankara Bəyannaməsi](/resized/750/1080/resize?url=$uploads$images$2025$01$image_750x_679a1bc1ab65b.jpg&or=https:$$anspress.com$uploads$images$2025$01$image_750x_679a1bc1ab65b.jpg)
Azərbaycan, Türkiyə və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb..
Bu barədə Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.
Qeyd edilib ki, nəqliyyat və regional əlaqə sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş hərtərəfli Fəaliyyət Planına əlavə olaraq Ankara Bəyannaməsinə aşağıdakılar daxildir:
- Ümumi maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığı genişləndirmək öhdəliyinin bir daha təsdiqi;
-Suverenliyə və ərazi bütövlüyünə xələl gətirən cəhdlərə qarşı birgə tədbirləri dəstəkləmək öhdəliyi;
- İqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşdırma, ətraf mühit və iqlim dəyişikliyi daxil olmaqla əsas sahələrdə potensialın tam şəkildə açılması öhdəliyi;
-Orta Dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış;
-Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur rayonlarında yenidənqurma və minalardan təmizləmə işlərinə dəstək;
-Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi, ticarət, əlaqə və iqlim sahəsində əməkdaşlıq sahəsində müsbət irəliləyişlərin tanınması;
-Azərbaycanın COP29 və AQEM-dəki sədrlik rolunun təsdiqi;
- Mərkəzi Asiyada sabitliyin təmin edilməsində əsas hesab edilən Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid yanaşmanın əhəmiyyətinin vurğulanması;
-Qəzzada atəşkəs elan edilməsini alqışlamaq, onun ciddi şəkildə yerinə yetirilməsini tələbetmək və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllini müdafiə etmək.
***
Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, bəyannamə ilə birlikdə üç ölkə arasında əməkdaşlığa dair Yol Xəritəsi də müəyyənləşib.
***
14:55
Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Görüşü Azərbaycanda baş tutacaq.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.
O, Macarıstanda da təşkilatın qeyri-rəsmi iclasının keçirələcəyini qeyd edib.
Hakan Fidan həmçinin, Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmin üçüncü iclasının da Azərbaycanda keçiriləcəyini əlavə edib.
***
13:50
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşündə çıxış edib.
Nazir çıxışında Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakterini vurğulayıb, tərəfdaşlığın əsas istiqamətlərini, o cümlədən təhlükəsizlik, iqtisadi inkişaf, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya sahələrini vurğulayıb.
Ceyhun Bayramov həmçinin əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlavə imkanları, xüsusilə də Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı ilə bağlı əlavə imkanları qeyd edib.
***
Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüş keçirilir.
İclasda üç ölkənin xarici işlər nazirləri ilə bərabər, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edir.
İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.
Görüş zamanı Orta Dəhlizin önəminin artmasına diqqət çəkiləcəyi, Suriya və Qəzzada baş verənlər, həmçinin, Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi gözlənilir.
***
Tədarük zənciri və bölgəmizdə baş verən münaqişələr Türkiyəni, Cənubi Qafqazı, Orta Dəhlizi ən etibarlı ticarət marşrutu halına gətirib.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşünün açılış mərasimində bildirib.
O qeyd edib ki, enerji böhranı Cənubi Qafqaz və Mərkəzi Asiyanın geostrateji əhəmiyyətini artırıb və Türkiyəni enerji mərkəzinə çevirib.
Nazirin sözlərinə görə, üç ölkə iclasın nəticələrinə əsaslanaraq əməkdaşlığı dərinləşdirmək üçün Yol Xəritəsi hazırlayacaq.
Hakan Fidan bu formatdakı iclasların Türküstan, Cənubi Qafqaz və Anadolunun nəqliyyat və enerji bağlılığını gücləndirəcək layihələrin ələ alınması baxımından əlverilişli platforma olduğunu da vurğulayıb.