Annalena Berbok vətəndaş cəmiyyəti nümayəndələri ilə
Almaniyanın xarici işlər naziri insan haqlarının vəziyyətini müzakirə edib
Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 4-də Azərbaycana səfəri çərçivəsində ölkənin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.
Onun sözlərinə görə, görüşdə Azərbaycanda insan hüquqlarının mövcud vəziyyəti, repressiv mühit, siyasi yüklü inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının durumu, xüsusilə, Almaniyadan deportasiya edilən, sonradan saxta ittihamlar üzrə həbs olunan, bəzi hallarda işgəncəyə məruz qalan fəalların işləri, eləcə də Azərbaycan-Ermənistan münasibətləri, işğal altında olmuş ərazilərdə aparılan antiterror əməliyyatları, minalanmış ərazilərin xəritələrinin təhvil verilməməsi, hərbçilərin və mülki şəxslərin mina qurbanı olması və s. mövzular müzakirə obyekti oldu.
Görüşdə vəkillər Zibeydə Sadıqova, Elçin Sadıqov, Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann və xarici işlər naziri Annalena Berboku müşayiət edən alman mediasının təmsilçiləri də iştirak edib.