Annalena Berbok mətbuat konfransında yalan danışıb
Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə görüş üçün təklifi verilsə də, o, bu görüşdən imtina edib
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı XİN-də mətbuat konfransında yalan açıqlama ilə çıxış edib.
APA xəbər verir ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə suala yanlış və yalan dolu cavab verməklə kifayətlənib.
Alman nazir əvvəlcə suala cavab verərkən Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib, Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra isə bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirdiyini bildirib.
Almaniyanın xarici işlər naziri Bakının "Mənzərə" restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş. Görüşdə hüquq müdafiəçisi Rüfət Səfərov, vəkillər Zibeydə Sadıqova və Elçin Sadıqov iştirak ediblər.
Əldə etdiyimiz məlumata əsasən, Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə görüş üçün təklifi verilsə də, o, bu görüşdən imtina edib.
Zəruri qeydlə vurğulamalıyıq ki, Almaniya nazirinin Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir.