Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycan Prezidentinın Mətbuat Xidməti və ABŞ-ın Dövlət Departamenti xəbər verirlər
Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.
Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub.
Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.
Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.
Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.
***
ABŞ Dövlət Departamenti də Blinkenlə Əliyev arasında telefon danışığı barədə məlumat yayıb:Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün bərqərar olmasının vacibliyini bir daha təsdiqləyib.
Dövlət katibi Blinken sərhədlərin delimitasiyası sazişi də daxil olmaqla, tərəflərin son nailiyyətlərini alqışlayıb.
Dövlət katibi ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edib və ABŞ-ın bu ilin sonunda Bakıda COP29-un uğurla keçirilməsinə sadiqliyini vurğulayıb.
Dövlət katibi Blinken və prezident Əliyev regional və ikitərəfli əməkdaşlıq sahələrini, o cümlədən Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə əməl etməsinin vacibliyini müzakirə ediblər.