Apellyasiya Məhkəməsi Qubad İbadoğlunu həbsdə saxlayıb
İbadoğlunun ev dustaqlığına buraxılmaqdan imtina ilə bağlı verdiyi şikayəti təmin etməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsi həbsdə olan müxalifətçi Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaqdan imtina ilə bağlı verdiyi şikayəti təmin etməyib.
Vəkil Zibeydə Sadıqovanın jurnalistlərə verdiyi məlumata görə, bir müddət əvvəl müdafiə tərəfi Nərimanov Rayon Məhkəməsində İbadoğlunun səhhətinin pisləşməsi ilə əlaqədar ev dustaqlığına keçirilməsi haqqında vəsatət qaldırıb. Xəstəliklərinin ağırlaşmasına baxmayaraq, İbadoğlu nəinki müalicə olunmur, ona tibbi nəzarət də yoxdur.
"Ona hətta müayinə nəticələrini də vermirlər. Buna görə biz onun öz hesabına müalicə ala bilməsi üçün ev dustaqlığına keçirilməsini xahiş etdik. Sentyabrın 2-də Nərimanov Rayon Məhkəməsi vəsatəti təmin etməyib. Biz bu qərardan şikayət verdik, lakin bu gün Apellyasiya Məhkəməsi də Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, İbadoğlunu ev dustaqlığına keçirməkdən imtina edib", deyə vəkil bildirib.
* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə müddətinə həbs edib. Azərbaycan DİN İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fetullah Gülenin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib. Avqustun 25-də ona qarşı "dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması" ittihamı irəli sürülüb.
Qubad İbadoğlu ittihamları təkzib edir, onları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. (Turan)