XƏBƏRLƏR / Təbiət

Astaranın Şahağacı kəndində torpaq sürüşməsi intensivləşib

Torpaq sürüşməsi vətəndaşların həyətyanı sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub

Astaranın Şahağacı kəndində torpaq sürüşməsi intensivləşib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Astara rayonunun Şahağacı kəndində intensivləşən torpaq sürüşməsi nəticəsində 50-yə yaxın ev üçün təhlükəli vəziyyət yaranıb.

    Bir neçə müddətdir Astara rayonunun Şahağacı kəndi ərazisində torpaq sürüşməsi intensivləşib. Ərazidən keçən Pensərçay torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır. Çay sağ və sol sahillərinə doğru 20–25 metr genişlənib. Sakinlər deyirlər ki, yol daraldığından ağırtonnajlı yük maşınları hərəkət edə bilmir. Əraziyə çağırılan təcili yardım maşınları isə uzaqda saxlamağa məcbur olur.

    Torpaq sürüşməsi vətəndaşların həyətyanı sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Baş verən hadisə nəticəsində 20-25 metr enində, 45-50 metr uzunluğunda torpaq qatı sürüşərək, kənd sakinləri Səfail İbadov, Möhsün Möhsümov və digərlərinin həyətyanı sahələrindəki tikililəri, 50-yə yaxın sitrus, eləcə də meyvə ağacını aparıb.

    Sakinlər narahatdırlar ki, əgər çay kənarına bənd vurulmasa, növbəti seldə daha böyük fəsadlar yarana bilər və yaşadıqları evləri tərk etmək məcburiyyətində qalacaqlar.

    Məsələ ilə bağlı Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov deyib: “Yeddi evə gedən yol tamamilə yuyulub. Gediş-gəliş üçün məhdudiyyətlər yaranıb. Baş verən təbii fəlakətlə bağlı dərhal rayon icra hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmin yerlərə baxış keçirilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına məlumat verilib. Onların əməkdaşları həmin ərazilərə baxış keçirib və aktlaşdırılıb. Ərazidə bənd vurma işlərinin görülməsi müzakirə olunub”.