XƏBƏRLƏR / Hava

Avqustda Bakıda havanın temperaturu normadan yuxarı olub

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib

Avqustda Bakıda havanın temperaturu normadan yuxarı olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2025-ci ilin avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (0.2-6.7 dərəcə), 3 gün isə normadan aşağı (0.5-0.9 dərəcə) olub.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    Onun sözlərinə görə, avqust ayının orta aylıq temperaturu 28.4 dərəcə isti olub ki, bu da iqlim normasından 2.7 dərəcə yüksəkdir: "Ötən ayda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 40 dərəcə, bölgələrdə isə 41 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında avqustun 23-də 19.9 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə avqustun 15-də 4.5 dərəcə isti (Şahdağ) qeydə alınıb".

    Xidmət rəisi qeyd edib ki, avqust ayının bəzi günlərində dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub: "Ümumi olaraq bölgələr üzrə 16 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 303 faizi olmaqla (Zaqatala 224 mm) Balakən-Şəki zonasına və aylıq normanın 210 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 12.8 mm) düşüb. Avqustun 7-də Şahdağa, avqustun 13-də isə Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb”.

    Nazim Mahmudov onu qeyd edib ki, avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 5 sarı və 1 narıncı xəbərdarlıq verilib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 22 m/s-dək olub.