Avropa aeroportlarında əl baqajında maye limiti ləğv edilir
Bu barədə "Euronews" xəbər verib

Avropanın hava limanlarında əl baqajında maye limiti ləğv olunur.
Avropa Mülki Aviasiya Konfransı (ECAC) mayelərin çantadan çıxarılmasına və ya ayrılmasına ehtiyac olmadan təhlükəli maddələri avtomatik aşkarlaya bilən yeni 3D skanerlərin geniş istifadəsini təsdiqləyib. “Smiths Detection” şirkətinə məxsus “Hi-Scan 6040 CTiX” skanerləri üçün yenilənmiş alqoritm baqajın yüksək ayırdetməli, üçölçülü şəkillərini çəkərək partlayıcı maddələri dərhal tanıyır və beləliklə, nəinki elektron cihazların baqajdan çıxarılmasına ehtiyac qalmır, həm də sərnişinlər üçün təyyarədə maye limiti 100 millilitrdən artıq olur.
Maye limitinin ləğvi ən son nəsil skanerlərlə təchiz olunmuş Avropa hava limanlarında bütün uçuşlara şamil edilir. Bu dəyişiklikliyin ildə təxminən 70 milyon sərnişinə təsir edəcəyi bildirilir.
Romanın “Fiumicino” hava limanının məlumatına görə, Avropa Komissiyasının yeni qaydalarına uyğun olaraq, iyulun 26-dan etibarən əl yükündə 2 litrədək maye daşımaq mümkün olacaq.
Milanın “Malpensa” və “Linate”, eləcə də Berqamo, Kataniya, Boloniya və Turin kimi böyük hava limanlarında bu qurğular iyulun sonu və avqustun əvvəlində quraşdırılacaq.