AZAL-ın təyyarəsinin qəza enişi ilə bağlı cinayət işi açılıb
Bunu Baş Prokurorluqdan bildiriblər
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometrliyində qəza enişi etməsi ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb.
Bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mətbuat konfransında deyib.
O qeyd edib ki, Baş Prokurorluq qazaxıstanlı həmkarlarla qarşılıqlı əməkdaşlıq edir. İstintaqın nəticələri ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.