XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb.

    Bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

    Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

    ***

    Cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb.

    2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,0-dan 8,0-a düşüb.

    Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub.

    Doğulan körpələrdən 1420-si əkiz, 57-si isə üçəm olub.

    ***

    Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19224 nikaha daxilolma və 9776 boşanma halları qeydə alınıb.

    Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.