Azərbaycan səfiri Niderland XİN-ə çağırılmayıb
XİN sözçüsü Ayxan Hacızadə ermənilərin növbəti yalanını ifşa edib
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualını cavablandırıb.
XİN-dən verilən xəbərə görə, 23 mart 2023-cü il tarixində Ermənistan mətbuatında yayılmış iddiaya əsasən Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və guya Azərbaycanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilmədiyinin xatırlandığı bildirilib. Bu xəbəri necə şərh edərdiniz sualına cavabında A.Hacızadə deyib:
"Ermənistan mətbuatının yaydığı bu xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir.
Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb. Səfirin XİN-də sonuncu dəfə öz təşəbbüsü ilə görüşü 15 mart tarixində olub".