Azərbaycan Türkiyədən "KAAN" qırıcıları almaq niyyətindədir
"Turkish Century" xəbər verir
Türkiyənin Müdafiə Sənayesi Baş İdarəsi (SSB) ilə "TUSAŞ" (Türk Havacılık ve Uzay Sanayii) şirkəti arasında 5-ci nəsil milli döyüş təyyarəsi "KAAN"ın tədarükünə dair mühüm müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət Türkiyə Hərbi Hava Qüvvələrinə ilk mərhələdə 20 ədəd "KAAN" qırıcısı çatdıracaq. Bu, Türkiyə milli hərbi sənayesi tərəfindən hazırlanan 5-ci nəsil qırıcıların seriyalı istehsalına dair imzalanmış ilk rəsmi müqavilədir.
Türkiyə KİV-i xəbər verir ki, yerli hərbi sənaye sahəsində ixtisaslaşmış "Turkish Century" ("X" sosial şəbəkəsi) platformasının yaydığı məlumata görə, 2035-ci ilə qədər Türkiyə də daxil olmaqla ümumilikdə 9 ölkə "KAAN" qırıcılarını öz silahlanmasına daxil etməyi planlaşdırır.
Mənbə xarici ölkələrin bu qırıcılara olan marağını və sifariş siyahısını bu şəkildə təqdim edib:
- Türkiyə: Ümumilikdə 100 ədəd qırıcı sifariş etməyə hazırlaşır (ilk 20 ədədlik partiyanın müqaviləsi imzalanıb);
- Səudiyyə Ərəbistanı: 100 ədəd təyyarə almaq niyyətindədir, hazırda danışıqlar davam edir;
- İspaniya: Təxminən 60 ədəd "KAAN" almaqda maraqlıdır;
- İndoneziya: 48 ədəd qırıcının sifarişi üçün niyyət məktubu imzalayıb;
- Pakistan: 40-dan çox qırıcı almağa hazırdır, ilkin razılaşma əldə olunub;
- Qətər: 40 ədəd təyyarə sifariş edə bilər, danışıqlar aparılır;
- Misir: 24 ədəd qırıcı almaq istəyini ifadə edib, ilkin müzakirələr baş tutub;
- Azərbaycan, Malayziya və Suriya: Hər biri təxminən 20 ədəd "KAAN" qırıcısı almaq niyyətindədir.
1 dəqiqə