21 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru Maimunah Mohd Şərif ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov Azərbaycanın UN-Habitat ilə uğurlu və məhsuldar əməkdaşlıq əlaqələri qurduğunu bildirərək ölkəmizin UN-Habitat və tərəfdaşları tərəfindən təşkil olunan bir sıra tədbirlərdə, o cümlədən, Dünya Şəhər Forumunun 11-ci Sessiyasında, “Yeni Şəhər Gündəliyi”nin icrası ilə bağlı irəliləyişin dəyərləndirilməsi məqsədilə ötən il BMT Baş Assambleyasının yüksək səviyyəli tədbirində iştirak etdiyini vurğulayıb.
Ölkəmizin həmçinin UN-Habitat ilə birgə ötən ilin oktyabr ayında "Dayanıqlı İnkişaf Məqsədləri” və "Yeni Şəhər Gündəliyi” –postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun təşkil olunması məmnunluq hissi ilə qeyd olunub. Bundan əlavə, Azərbaycan tərəfindən UN-Habitat ilə birgə cari ilin 29 sentyabr tarixindən etibarən “Şəhərsalma Həftəsi” çərçivəsində bir sıra yüksək səviyyəli tədbirlər, o cümlədən, 29 sentyabr - 1 oktyabr tarixlərində Zəngilan və Bakıda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun təşkil olunacağı bildirilib və ölkəmizin ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcəyi vurğulanıb.
Nazir həmçinin, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işlərinə toxunaraq bu istiqamətdə UN-Habitat ilə qurulmuş uğurlu əməkdaşlıq əlaqələrinin vacibliyini diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.