XƏBƏRLƏR / Siyasət

İlham Əliyev və Fridrix Mertsin mətbuata bəyanatları

YENİLƏNİB / FOTO

İlham Əliyev və Fridrix Mertsin mətbuata bəyanatları
  • Oxuma müddəti:

    9 dəqiqə

  • 15:53

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

    ***

    15:48

    İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzalayıblar.


    "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası (bundan sonra “Tərəflər”) Tərəflər arasında uzunmüddətli və dostluq münasibətlərini tanıyırlar. Onlar qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə düşməsinə əsaslanan ikitərəfli tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirməklə bağlı qarşılıqlı arzularını təsdiqləyirlər. Tərəflər bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlərini xatırlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Helsinki Yekun Aktına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, və sülhü və təhlükəsizliyi təşviq edən digər beynəlxalq hüquqi sənədlərə birgə sadiqliklərini bir daha təsdiqləyirlər.

    Tərəflər Azərbaycan-Ermənistan münasibətlərindəki tarixi irəliləyişi, xüsusilə də 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarını alqışlayırlar. Almaniya Federativ Respublikası iki ölkənin regionda davamlı sülhə nail olmağa hədəflənmiş səylərini tam dəstəklədiyini bir daha təsdiqləyir.

    Tərəflər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayır və siyasi dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə artan əməkdaşlığı qeyd edirlər. Onlar həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və Azərbaycan Respublikası ilə Aİ arasında mövcud dialoq mexanizmlərindən tam həcmdə istifadənin əhəmiyyətini vurğulayırlar. Tərəflər həmçinin Azərbaycan ilə Aİ üzv dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi səylərini yüksək dəyərləndirirlər.

    1. Tərəflər aşağıdakı sahələrdə, lakin bununla məhdudlaşmadan, əməkdaşlıq etmək niyyətindədirlər:

    a. Siyasi və Diplomatik Əməkdaşlıq: nazirliklər və qurumlar arasında müntəzəm məsləhətləşmələr, yüksək səviyyəli səfərlərin mübadiləsi; qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin daha da dərinləşdirilməsi üçün məxsusi-məzmunlu yüksək səviyyəli dialoqlar; ortaq maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsi.

    b. İqtisadi və Ticarət Əməkdaşlığı: ikitərəfli ticarətin və sərmayə imkanlarının təşviqi, ikitərəfli iqtisadi əlaqələrin təşviqi mexanizmi kimi ticarət və sərmayə üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi; kənd təsərrüfatı, davamlı iqtisadi inkişaf, yaşıl enerji, yaşıl və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi kimi sahələrdə əməkdaşlığın tam potensialından istifadə etdərək, bağlantılar və infrastruktur, qaz da daxil olmaqla enerji axınları, iqlim fəaliyyəti və ətraf mühitin mühafizəsi, eləcə də davamlı su ehtiyatlarının idarə olunması kimi qlobal və regional əhəmiyyətli məsələlər üzrə əməkdaşlığın artırılması.

    c. Təhlükəsizlik və Müdafiə: insan və narkotiklərin qanunsuz dövriyyəsi, mina təmizləmə sahəsində əməkdaşlıq və yardım da daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər səviyyəsində dialoqun davam etdirilməsi; müdafiə sənayesində əməkdaşlığın təşviqi; Müdafiə Akademiyaları və qurumları arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdirilməsi; ortaq narahatlıq doğuran sahələrdə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi.

    d. Mədəniyyət, Təhsil, Dil və İnsanlararası mübadilələr: qarşılıqlı anlaşmanı, mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən mədəni mübadilə fəaliyyətləri və proqramları; innovativ və rəqəmsal təhsil, peşə təhsili, birgə tədqiqat layihələri və akademik mübadilələr üzrə gələcək əməkdaşlıq imkanları barədə dialoq perspektivləri.

    e. Elm, Texnologiya və İnnovasiya: rəqəmsal transformasiya, sənaye modernləşdirilməsi və inkişafda olan texnologiyalar sahəsində əməkdaşlığın təşviqi; təhsil və elm sahələrində əməkdaşlıq.

    2. Bu siyasi bəyannaməyə əsasən fəaliyyətlərin həyata keçirilməsi resursların mövcudluğuna tabe və Tərəflərin müvafiq qanun və qaydalarına uyğun olacaqdır

    21 iyul 2026-cı il tarixində Berlin şəhərində ingilis dilində iki nüsxədə imzalanmışdır.

    Azərbaycan Respublikası adından
    İlham Əliyev
    Prezident
     
    Almaniya Federativ Respublikası adından
    Fridrix Merts
    Kansler".

    Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.

    ***

    15:33

    İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.

    ***

    14:30


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə təkbətək görüşü keçirilib.


    ***

    14:28

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

    Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşılayıb.

    Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib.

    Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə raport verib.

    Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib.

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    ***
    12:55

    İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

    Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

    Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib.

    O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

    Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib.

    Dövlətimizin başçısı da öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəmizə səfərini məmnunluqla xatırlayıb.

    Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini deyib.

    Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edilib, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirilib, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olunub.

    Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulanıb.

    Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlanıb, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edilib.

    Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunulub, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.

    ***

    11:46


    Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.

    Dövlət başçısını Almaniya Prezidenti qarşılayıb.

    Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.

    Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib.

    Qeyd edək ki, iyulun 20-də İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib.