XƏBƏRLƏR / Hərbi

Azərbaycan və Gürcüstan MN nümayəndələri görüşüblər

HHQ komandanı Ramiz Tahirov Gürcüstanın Müdafiə Qüvvələri komandanı Zaza Çxaidze ilə görüşüb

Azərbaycan və Gürcüstan MN nümayəndələri görüşüblər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İyulun 17-də müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikası Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    General-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Qonaqlar, həmçinin Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar barədə məlumatlandırılıb.

    Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Z.Çxaidze öz növbəsində göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub. 

    Görüşdə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunması, birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. 

    Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.