Azərbaycan XİN-dən ermənilərə ismarış
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadənin şərhi
Ötən ilin dekabr ayından etibarən Ermənistanın qeyri-qanuni fəaliyyətinə qarşı etiraz aksiyalarına baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil olmaqla, yüzlərlə nəqliyyat vasitəsinin Laçın yolundan keçidi həyata keçirilib. Azərbaycan tərəfindən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçid təmin olunub.
Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin 26 iyul tarixli bəyanatına münasibət bildirərkən söyləyib.
“İyunun 15-də “Laçın” buraxılış məntəqəsinə qarşı silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də iyulun 26-da “humanitar yük” adı altında avtomobil karvanının göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.
Daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəldikdə, Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib.
Bu təklifin Avropa İttifaqı, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Ermənistan tərəfinin və özlərini yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, “gərgin humanitar vəziyyət” barədə spekulyasiyaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını sübut edir”, - deyə o bildirib.
Mətbuat katibi vurğulayıb ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaq.