Azərbaycanda 2025-ci ildən elektrobuslar istehsal ediləcək
Çinin BYD şirkəti Azərbaycanda elektrobusların istehsalına 34 milyon dollar sərmayə qoyacaq
Çinin BYD Company Limited şirkəti Azərbaycanda elektrobusların istehsalı üzrə zavodun tikintisinə ilkin olaraq 34 milyon dollar sərmayə qoyacaq.
İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, zavod 2025-ci ildə fəaliyyətə başlayacaq, onun illik gücü 500 avtobus təşkil edəcək.
Zavod Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikiləcək. Layihənin icrası 800 yeni iş yerinin yaradılmasına imkan verəcək.
Layihədə "BYD Company Limited"in yerli tərəfdaşı “Electrify Azerbaijan” MMC olacaq. Layihənin investorlarından biri də Azərbaycan İnvestisiya Şirkəti olacaq.
Departamentdən verilən məlumata görə, BYD Company Limited layihənin üçüncü ilində Azərbaycanda elektrobuslar üçün ehtiyat hissələrinin istehsalını yerliləşdirməyi planlaşdırır. Bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb.
Bundan əlavə, razılaşmalara əsasən, BYD Azərbaycana 2024-cü ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində istifadə olunacaq elektrik avtobusları tədarük edəcək.
İqtisadiyyat Nazirliyi qeyd edir ki, gələcəkdə BYD ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda yüksək tonajlı elektrik yük maşınlarının, kommunal xidmətlər üçün elektromobillərin istehsalının, həmçinin akkumulyatorların yığılmasının təşkili nəzərdə tutulur. Şirkət gələcəkdə bu layihələrə təxminən 60 milyon dollar sərmayə qoymağı planlaşdırır.