Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçındadır FOTO
Diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında hava limanına eniş edib YENİLƏNİR

13:10
Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Laçına səfərləri çərçivəsində “Hoçazfilm” yaradıcılıq studiyası və “Yurd” qalereyasına baş çəkiblər.
Səfər zamanı nümayəndələr film studiyasında filmlərdə istifadə edilən müxtəlif maketlərlə tanış olublar.
“Yurd”qalereyasında qonaqlara Qarabağ xalçaları təqdim olunub. Laçında toxunulan xalçalar xüsusi maraq doğurub. Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığı əyani şəkildə nümayiş etdirilib.
Qeyd edək ki, səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100 yaxın diplomat iştirak edir.
Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Diplomatik korpusun nümayəndələri iyunun 21-i isə Şuşa və Ağdama gedəcəklər.
***
09:23
Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərinin nümayəndə heyəti Laçın Beynəlxalq Hava Limanına gəlib.
Diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında hava limanına eniş edib.
Qonaqları Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər qarşılayıb.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Laçında aparılan bərpa işləri ilə əyani tanış olmaq imkanı əldə ediblər.
Laçın səfəri çərçivəsində qonaqlar şəhərdə bir sıra məkanlarda olacaqlar. Onların Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanışlığı nəzərdə tutulub.
Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.