Azərbaycandan İtaliyaya qaz nəqli 3,2 faiz azalıb
Bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat verib
İtaliya 2023-cü ildə TAP vasitəsilə təxminən 10 milyard kubmetr Azərbaycan qazı alıb.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 2023-cü ildə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz nəqli təqribən 10 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 3,2% azdır.
Departamentin məlumatına görə, 2023-cü ilin dekabrında İtaliya TAP vasitəsilə Azərbaycandan 804 milyon kubmetr qaz alıb (illiklə müqayisədə 0,2% artım).
TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən qazın “Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.
Əvvəllər bildirilmişdi ki, Avropa İttifaqının (Avrostat) statistika idarəsinin məlumatına görə, 2023-cü ildə İtaliya Azərbaycandan qazın alınmasına 5 milyard avroya yaxın vəsait ayırıb.