Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb
Məlumat səfirliyin "Telegram" kanalında dərc edilib

"Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində tanınmış rejissor, aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın naməlum taleyi ilə bağlı dərc olunmuş paylaşımlarla əlaqədar məsələnin təfərrüatlarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən dərhal Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev ilə əlaqə saxlanılıb.
Telefon danışığı zamanı qeyd olunub ki, sözügedən məsələyə dair Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından Səfirliyə hər hansı bir rəsmi müraciət daxil olmayıb. Eyni zamanda, məsələnin əhəmiyyəti və Azərbaycan ziyalılarının haqlı narahatlığını nəzərə alaraq, Səfirlik tərəfindən cənab R.Balayevə C.Mirzəyevanın yerinin müəyyən edilərək gələcək taleyinin aydınlaşdırılmasına köməklik göstərilməsi xahişi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və ölkəmizin digər səlahiyyətli orqanlarına rəsmi sorğuların ünvanlanması tövsiyə olunub.
C.Mirzəyevanın Rusiya Federasiyasının vətəndaşı olması ehtimalı nəzərə alınaraq, məsələnin həllində Azərbaycan və Rusiya arasında imzalanmış müvafiq saziş və konvensiyaların müddəalarına ciddi riayət edilməsinin zəruriliyi də Səfirlik tərəfindən xüsusi olaraq diqqətə çatdırılıb.
Rasim Balayev, öz növbəsində, bu yanaşma ilə razılaşaraq, onun adından yayılmış paylaşımlardan xəbərsiz olduğunu bildirib və məsələnin həllinə köməklik göstərməyə hazır olduğuna görə Səfirliyə öz minnətdarlığını ifadə edib".