Azyaşlı qızı öldürən İlkin Süleymanova 18 il iş verildi
Hökmə görə Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək
İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunda azyaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Hökmə görə Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İlkin Süleymanovun vəkili Əlibala Rzayev bildirib ki, hökmdən apellyasiya şikaəyti veriləcək.
"Bu hökm artıq hüququn qətli deməkdir. İki ildən artıq məhkəmə araşdırması gedib. Ortada bir dənə belə sübut yoxdur. Hətta bu cinayətin kimlər tərəfindən törədilməsi barədə də müəyyən məlumatlar var. Güman edirdim ki, bu qədər də hüquqsuzluq, ədalətsizlik olmaz. Ümid edirdim ki, bu sonsuz məhkəmə nəhayətdə bir ədalətli qərar verər. Çox təəssülfər olsun ki, yanıldıq. Amma müdafiə tərəfi ədalət bərpa olunanadək işini davam etdirəcək", deyə o qeyd edib.
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, "məhkəmə heç bir sübuta dayanmayan ittiham aktını ittiham hökmünə köçürüb".
Qeyd edək ki, prokuror Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İlkin Süleymanov ittihamı qəbul etmir və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə heyətindən xahiş edib.
Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı qız 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Məhkəmə prosesini monitorinq edən hüquq mqdafiəçiləri İlkin Süleymanova qarşı irəli sürülən itihamın məhkəmə istintaqı zamanı sübut edilmədiyi fikrindədir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hökmlə bağlı münasibət öyrənmək mümküm olmayıb. Bununla yanaşı, məhkəmələr, bir qayda olaraq, hökmlərə şərh vermir və məhkəmə hökmündən narazı tərəfin yuxarı məhkəmə instansiyasına şikayət etmək hüququnun olduğunu bildirir.