Bakı Livan ermənisinin əvəzinə Qarabağ ermənisini verdi
Bu barədə “Hraparak” xəbər verir

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi prosesi həyata keçirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Azərbaycanda saxlanılan 32 erməni hərbçi Ermənistana təhvil verilib.
Ermənistan tərəfi isə iki azərbaycanlı əsgəri – Aqşin Bəbirov və Hüseyn Axundovu qaytarıb.
Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində Azərbaycan tərəfinin təhvil verdiyi 32 hərbçinin siyahısını açıqlayıb.
“Hraparak” xəbər verir ki, Paşinyanın açıqladığı siyahıda Livan ermənisi Vigen Eulcekyanın adının olmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Çünki hələ dekabrın 7-də açıqlanan ilkin siyahıda Vigen Eulcekyanın adı qeyd olunmuşdu.

Əvəzində ilkin siyahıda adı olmayan Xankəndi doğumlu İsanyan Aren Arayeviç azad olunub.
Qeyd edək ki, Livan ermənisi Vigen Eulcekyan birgə yaşadığı Maral Nacaryan adlı livanlı qadınla 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Qarabağda saxlanılmışdı.
Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdilər. Hər iki şəxs Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdi.
Saxlanıldan sonra Vigen Eulcekyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.
Azərbaycanlı politoloq Fərhad Məmmədov bunları deyib: "O, Livan vətəndaşıdır... Nə olsun ki ermənidir. Müharibədə iştirak etməyən dövlətin vətəndaşıdır, yəni muzdludur... Livan onu istəməlidir...Yeri gəlmişkən, öyrənmişəm ki, Azərbaycanla Livan arasında ekstradisiya sənədi yoxdur...".