XƏBƏRLƏR / Hava

Bakı sakinləri güclü küləyin qurbanı olublar

FHN: Güclü külək Bakıda və Abşeronda bir sıra fəsadlar törədib

Bakı sakinləri güclü küləyin qurbanı olublar
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Güclü külək nəticəsində xəsarət alan iki nəfər Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib. Bu barədə yerli KİV məlumat yayıb.

    Zərərçəkmiş kişi (1991-ci il təvəllüdlü) və qadına (1971-ci il təvəllüdlü) sınıq diaqnozu qoyulub.

    Elmi-tədqiqat institutu onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxıldığını bildirib.

    Qeyd edək ki, Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-dir.

    FHN-in Mətbuat xidməti xəbər verir ki:

     Nazirliyin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 28 ünvanında yerləşən onmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanında peyk antenasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyət yaratması barədə məlumat daxil olub. Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə peyk antenası götürülərək mümkün fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.

    Bundan başqa, güclü küləyin təsirindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əli Nəzmi küçəsi, 3A ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün qopub düşməsi nəticəsində qonşu evə giriş-çıxışın məhdudlaşması, habelə insanların sərbəst hərəkətinə maneə yaranması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər qopmuş dam örtüyünü ərazidən götürərək, fərdi yaşayış evinə giriş-çıxışı və vətəndaşların sərbəst hərəkətini bərpa ediblər.

    Həmçinin, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, bina 110 ünvanında üçmərtəbəli qeyri-yaşayış binasının dam örtüyünün vətəndaşlar üçün yaratdığı təhlükə ilə əlaqədar xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.